| |
78.
ən-Nəbə’ (Böyük
xəbər) surəsi (Məkkədə nazil olmuşdur,
40 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. (Bu müşriklər) bir-birindən
nə haqqında soruşurlar?
2. Böyük bir xəbər (qiyamət
günü) haqqında!
3. Elə bir xəbər ki, onun barəsində
ixtilafdadırlar.
4. Xeyr, onlar (qiyamətin haqq olduğunu)
mütləq biləcəklər!
5. Bir də (deyirəm) xeyr, onlar (qiyamətin
haqq olduğunu) mütləq biləcəklər!
6. Məgər Biz yeri döşək
etmədikmi?!
7. Dağları da dirək?!
8. Biz sizləri (erkək və dişi
olmaqla) cüt-cüt yaratdıq.
9. Yuxunuzu da istirahət etdik.
10. Biz gecəni (hər şeyi bürüyən)
örtük etdik.
11. Gündüzü isə dolanışlıq
(ruzi qazanmaq) vaxtı etdik.
12. Üstünüzdə yeddi (qat)
möhkəm (göy) qurduq.
13. Sizin üçün çox parlaq
bir çıxar (günəş) yaratdıq.
14. (Küləklərin sıxdığı)
buludlardan şırıl-şırıl tökülən
yağmur endirdik ki,
15. Onunla dən və bitki yetişdirək,
16. Eləcə də (ağacları
bir-birinə) sarmaşan bağlar.
17. Həqiqətən, (haqla batili)
ayırd etmə günü (əzəldən müəyyən
edilmiş) bir vaxtdır!
18. Sur çalınacağı gün
(qəbirlərinizdən çıxıb) dəstə-dəstə
(məhşərə) gələcəksiniz.
19. (O gün) göy qapı-qapı
(mələklərin yerə enməsi üçün göydə
yarıqlar) açılacaqdır.
20. Dağlar yerindən qopardılıb
(havada toz kimi uçaraq) ilğıma dönəcəkdir.
21. Həqiqətən, Cəhənnəm
(mələklərin hazır durub kafirləri gözlədiyi)
pusqudur!
22. O, azğınların məskənidir.
23. Onlar orada sonsuz müddət qalacaqlar.
24. Onlar orada nə bir sərinlik (görəcək),
nə də içməyə bir şey tapacaqlar;
25. Qaynar sudan və irindən başqa!-
26. (Dünyadakı əmələrinə)
uyğun cəza olaraq.
27. Çünki onlar haqq-hesab çəkiləcəyinə
ümid bəsləmirdilər (qiyamət gününə inanmır,
onun əzabından qorxmurdular).
28. Ayələrimizi də elə hey
təkzib edirdilər.
29. Biz hər şeyi (bir-bir) sayıb
(lövhi-məhfuzda) yazmışıq (və ya: əməl
dəftərində yazıb təsbit etmişik).
30. İndi (ey kafirlər!) dadın
əzabı. Biz sizə əzabdan başqa bir şey artırmayacağıq!
31. Həqiqətən, müttəqilərin
nicat yeri (Cənnət),
32. Bağçalar və üzüm
bağları,
33. Sinələri yenicə qabarmış
(dolmuş, tumurcuqlanmış, gözəllikdə və məlahətdə
bir-birinə bənzər) həmyaşıd qızlar.
34. (Cənnət şərabı
ilə) dolu qədəhlər gözləyir!
35. Onlar orada (Cənnətdə) nə
boş söz, nə də yalan eşidəcəklər.
36. (Bu, müttəqilərə) Rəbbindən
olan mükafat, artıqlaması ilə verilən bəxşişdir
-
37. Göylərin, yerin və onların
arasındakıların Rəhman olan Rəbbindən (göndərilən
bəxşişdir). Onlar (məxluqat) Onun hüzurunda heç
bir söz deməyə qadir olmazlar!
38. Ruhun (Cəbrailin) və mələklərin
səf-səf duracağı gün Rəhmanın izin verdiyi
kimsələrdən başqa heç kəs danışmayacaq,
danışan da doğrunu deyəcəkdir!
39. Bu, haqq olan gündür. Kim dilərsə,
(iman gətirib ibadət və itaət etməklə) Rəbbinə
tərəf qayıdan bir yol tutar!
40. Həqiqətən, Biz sizi yaxın
bir əzabla (qiyamət gününün əzabı ilə)
qorxutduq. O gün insan öz əlləri ilə etdiyi (yaxşı,
pis) əməlləri görəcək, kafir isə: "Kaş
(bu əzabı görməmək üçün) torpaq olaydım!"
- deyəcəkdir.

|