| |
79.
ən-Naziat (Can alanlar) surəsi
(Məkkədə nazil olmuşdur, 46 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. And olsun (kafirlərin canını)
zorla alanlara;
2. And olsun (mö’minlərin canını)
rahatlıqla alanlara;
3. And olsun sür’ətlə üzənlərə;
4. And olsun (bir-birini) ötdükcə
ötənlərə;
5. And olsun işə əncam çəkənlərə
(Allahın əmri ilə dünyanın işlərini idarə
edən mələklərə ki, qiyamət haqdır və
siz qiyamət günü dirilib haqq-hesab üçün Allahın
hüzurunda duracaqsınız)!
6. O gün sarsılan sarsılacaq
(surun birinci üfürülməsi ilə yer, göy lərzəyə
gələcək),
7. Onun ardınca bir sarsıntı
da olacaqdır! (Sur ikinci dəfə üfürüləcəkdir.
İsrafil suru birinci dəfə çaldıqda hər şey
məhv olacaq, ikinci dəfə çaldıqda isə hamı
diriləcəkdir. Bunların arası dünya vaxtı ilə
müqayisədə qırx il çəkəcəkdir).
8. O gün ürəklər qorxub
titrəyəcək,
9. Gözləri (o ürəklərin
sahib olduğu gözlər dəhşətdən) zəlilcəsinə
yerə dikiləcəkdir.
10. (Qiyaməti inkar edən kafirlər
dünyada istehza ilə) deyirlər: "Doğrudanmı biz (öləndən
sonra dirilib) əvvəlki vəziyyətimizə qaytarılacağıq?!
11. Özü də çürümüş
sümüklər olduğumuz zamanmı?!"
12. Onlar deyirlər: "Elə isə
bu ziyanlı dönüşdür (çünki onun arxasında
şiddətli bir əzab durur).
13. (Ey kafirlər! Bu, Allah üçün
çətin deyildir). Doğrudan da, o (surun axırıncı
dəfə çalınması) ancaq tək bir dəhşətli
səsdir (nə’rədir)!
14. Onlar dərhal (qəbirlərindən
çıxıb) dümdüz bir yerdə olacaqlar!
15. (Ya Peyğəmbər!) Musanın
hekayəti (söhbəti) sənə gəlib çatdımı?
16. O zaman ki, Rəbbi ona müqəddəs
Tuva vadisində belə xitab etdi:
17. "Fir’onun yanına get. Çünki
o, (allahlıq iddiasına düşməklə, xalqa zülm
etməklə) çox azmışdır (həddini aşmışdır).
18. Və de: "(Günahlardan) təmizlənmək
istəyirsənmi?
19. Səni Rəbbinə tərəf
gətirimmi ki, (Ondan) qorxasan?"
20. (Musa gəlib Allahın buyuruğunu
Fir’ona ərz elədi) və ona (özünün həqiqi
peyğəmbər olmasına dəlalət edən) ən
böyük mö’cüzəni (əsanın dönüb əjdaha
olmasını) göstərdi.
21. Lakin (Fir’on Musanı) təkzib edib
(ona) asi oldu.
22. Sonra geri dönüb (özünə
buyurulanlardan üz döndərərək fitnə-fəsad
törətməyə, Musaya qarşı tədbir tökməyə)
tələsdi.
23. Və (ə’yan-əşrafını,
bütün təbəələrini) toplayıb (onlara) belə
xitab etdi:
24. "Həqiqətən, mən sizin
ən uca Rəbbinizəm!"
25. Allah da onu axirət və dünya
əzabına giriftar etdi. (Yaxud: Allah ona axırıncı və
əvvəlinci sözlərinin cəzasını verdi).
26. Şübhəsiz ki, bunda (Allahdan)
qorxan kimsələr üçün ibrət dərsi vardır.
27. (Ey kafirlər!) Sizi yaratmaq çətindir,
yoxsa göyü ki (Allah) onu yaratdı;
28. Qübbəsini ucaltdı, düzəldib
nizama saldı;
29. Gecəsini qaranlıq, gündüzünü
işıqlı etdi?!
30. Bundan sonra da yeri döşəyib
(yayıb) düzəltdi (üstündə gəzmək və
yaşamaq üçün onu yararlı hala saldı).
31. Ondan suyunu və otlağını
çıxartdı.
32. (Orada) dağları yerləşdirdi.
33. (Bütün bunlar) sizin və heyvanlarınızın
istifadəsi üçündür.
34. O böyük bəla (qiyamət)
gələndə,
35. O gün insan nələr etdiyini
(dünyadakı bütün yaxşı, pis əməllərini)
yadına salacaqdır.
36. Cəhənnəm də hər
görənə görünəcəkdir.
37. Kim (dünyada) azğınlıq
etmişsə,
38. Dünyanı (axirətdən)
üstün tutmuşsa,
39. Şübhəsiz ki, onun məskəni
Cəhənnəmdir!
40. Amma kim (qiyamət günü) Rəbbinin
hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini
(şəfvəti) qadağan etmişsə,
41. Həqiqətən, onun yurdu Cənnətdir!
42. (Ya Peyğəmbər! Müşriklər)
səndən o saatın nə vaxt gələcəyi (qiyamətin
nə vaxt qopacağı) barəsində soruşarlar.
43. Sən onu (onun vaxtını) nə
bilirsən?!
44. Onu sonuna qədər (bütün
təfərrüatı ilə) bilmək ancaq sənin Rəbbinə
məxsusdur.
45. Sən ancaq ondan (qiyamətdən)
xəbərdar edib çəkindirənsən!
46. Onu (qiyaməti) gördükləri
gün (dünyada və ya qəbir evində) yalnız bir axşam,
yaxud bir səhər qaldıqlarını sanacaqlar!

|