| |
81.
ət-Təkvir (Sarınma)
surəsi (Məkkədə nazil olmuşdur, 29 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Günəş (əmmamə kimi)
sarınıb büküləcəyi (sönəcəyi) zaman;
2. Ulduzlar (göydən qopub yağış
dənələri kimi yerə) səpələnəcəyi
zaman;
3. Dağlar yerindən qopardılacağı
(toz kimi havada uçacağı) zaman;
4. (Bədəvi ərəblərin
çox əziz tutduğu) boğaz dəvələr başlı-başına
buraxılacağı zaman;
5. Vəhşi heyvanlar (bir-birindən
qisas almaq üçün) bir yerə toplanacağı zaman;
6. Dənizlər od tutub yanacağı
(və ya dolub daşacağı) zaman;
7. Ruhlar (bədənlərə) qovuşacağı
zaman;
8. Diri-diri torpağa gömülən
körpə qızdan:
9. "Axı o hansı günaha görə
öldürüldü?"; soruşulacağı zaman;
10. Əməl dəftərləri
açılacağı zaman;
11. Göy (yerindən) qopardılacağı
(və ya büküləcəyi) zaman;
12. Cəhənnəm alovlandırılacağı
zaman;
13. Və Cənnət (mö’minlərə)
yaxınlaşdırılacağı zaman;
14. Hər kəs (dünyada bugünkü
günə özü üçün yaxşı, pis) nə
hazır etdiyini biləcəkdir!
15. And içirəm (gecə) yanıb
(gündüz) sönən ulduzlara;
16. (Günəşlə, ayla) seyr
edib (onlar batdığı zaman) gizlənən səyyarələrə
(Zühələ, Müştəriyə, Mərrixə, Zöhrəyə
və Ütaridə);
17. Qaralmaqda olan gecəyə (yaxud:
qaralmaqda və çəkilməkdə olan gecəyə)
18. Və sökülməkdə olan
dan yerinə ki,
19. Bu (Qur’an Allah dərgahında) çox
möhtərəm olan bir elçinin (Cəbrailin) gətirdiyi
kəlamdır.
20. (Elə bir elçi ki) çox qüvvətlidir;
ərşin sahibi (Allah) yanında çox hörmətlidir (izzətlidir).
21. (Elə bir elçi ki, mələklər
arasında) itaət ediləndir, həm də (Allah yanında
vəhyə) e’tibarlı müvəkkildir.
22. (Ey Məkkə əhli!) Həqiqətən,
sizin dostunuz (müşriklərin dediyi kimi) divanə deyildir!
23. And olsun ki, (Peyğəmbər!)
onu (Cəbraili) açıq (ən uca) üfüqdə gördü.
24. O, qeyb (vəhyi olduğu kimi təbliğ
etmək və sizə öyrətmək) barəsində xəsis
deyildir.
25. O (Qur’an) da məl’un (Allahın
rəhmətindən qovulmuş) Şeytanın sözü
deyildir.
26. Elə isə (siz ondan üz döndərib)
hara gedirsiniz?
27. O, aləmlər (bütün insanlar
və cinlər) üçün ancaq bir öyüd-nəsihətdir.
28. Eləcə də sizdən doğru-düz
(yolda) olmaq istəyənlər üçün.
29. (Onu da bilin ki) aləmlərin Rəbbi
olan Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz!
(Yalnız Allah istəsə, istəyə bilərsiniz. Siz insanlar
həmişə Allahın qüdrəti, hökmü və
iradəsi altındasınız. O sizi bir şeyi istəməyincə
siz onu özünüzə istəyə bilməzsiniz. Ona görə
də hər işdə Allaha təvəkkül edin!)

|