| |
82.
əl-İnfitar (Parçalanma)
surəsi (Məkkədə nazil olmuşdur, 19 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Göy parçalanacağı zaman;
2. Ulduzlar dağılıb səpələnəcəyi
zaman;
3. Dənizlər (qaynayıb bir-birinə)
qarışacağı zaman;
4. Qəbirlər çevriləcəyi
(qəbirlərin altı üstünə çevrilib ölülər
oradan çıxacağı) zaman;
5. Hər kəs (dünyada) nə
etdiyini və (özündən sonra) nə qoyub getdiyini (dünyada
nəyi edib, nəyi etmədiyini, bütün yaxşı və
pis əməllərini, günahını, savabını)
biləcəkdir!
6. Ey (kafir) insan! Səni kərim olan
Rəbbinə qarşı aldadan (və ya: məğrur edən)
nədir?
7. O Rəbbin ki, səni (yoxdan) yaratdı,
düzəldib qaydaya (insan şəklinə) saldı.
8. Sənə Özü istədiyi
surətdə biçim verdi.
9. Xeyr, daha doğrusu, siz haqq-hesab gününü
yalan sayırsınız!
10. Sizin üstünüzdə gözətçi
mələklər -
11. (Əməllərinizi) yazan və
(Allah dərgahında) çox hörmətli olan mələklər
vardır.
12. Onlar sizin nə etdiklərinizi bilirlər.
13. Həqiqətən, yaxşı
əməl və itaət sahibləri (mö’minlər) Cənnətdə
qərar tutacaqlar.
14. Pis əməl sahibləri (kafirlər)
isə Cəhənnəmdə olacaqlar.
15. Onlar (kafirlər) ora haqq-hesab günü
daxil olacaqlar.
16. Onlar əsla oradan çıxan deyillər!
17. (Ya Peyğəmbər!) sən
nə bilirsən (haradan bilirsən) ki, haqq-hesab günü
nədir?!
18. Bəli, sən nə bilirsən
ki, haqq-hesab günü nədir?! (Qiyamət gününün
dəhşətini təsəvvür etmək insanın imkanı
xaricindədir. Cəhənnəm əzabının şiddəti
hər bir təsəvvürün fövqündədir. Ondan
xilas olmaq üçün yalnız bir yol vardır - Allaha səmimi-qəlbdən
ibadət və itaət!)
19. O gün heç kəs heç kəsin
karına gələ bilməz. O gün hökm ancaq Allahındır!

|