| |
MÜBARƏK RAMAZAN AYININ GƏLİŞİ İLƏ ƏLAQƏDAR OLARAQ HƏZRƏT PEYĞƏMBƏRİN (S) BUYURDUĞU XÜTBƏ
Həzrət Əli (ə) buyurur: Mübarək Ramazan ayının gəlişilə bağlı Peyğəmbər (s) bizlərə belə bir xütbə oxudu: «Ey camaat, doğrudan da Allah-Taalanın ayı öz rəhmət, mərhəmət və bərəkəti ilə sizlərə sarı gəlib. Bu elə bir aydır ki, günləri Allahın yanında ən gözəl günlər, gecələri ən gözəl gecələr, saatları ən gözəl saatlar, özü də ayların ən gözəlidir. Bu ayda sizlər Allah qonaqlığına dəvət olunub kəramət əhlinə çevrilmisiniz. Bu ayda aldığınız nəfəslər zikr, yatmağınız ibadət, əməlləriniz qəbul, etdiyiniz dualar müstəcab olar. Elə isə, Allah-Taaladan saf niyyət və sidq ürəklə istəyin ki, günah və pis əməllərinizdən keçib sizlərə bu ayda oruc tutmağı, Qur’an tilavət etməyi qismət etsin. Doğrudan da bədbəxt o şəxsdir ki, bu ayda Allahın rəhmətindən kənar qalıb bağışlanmaya. Bu ayda ac-susuz qalmaqla qiyamət gününün aclıq və susuzluğunu xatırlayın, yoxsullarınıza sədəqə verməklə kömək edin, qocalarınıza hörmət, uşaqlarınıza rəhm, qohum-əqrəbanıza yaxşılıq edin. Danışılması lazım olmayan şeyləri danışmayın, baxılası halal olmayan şeylərə göz yumun, eşidilməsi haram olan şeylərdən qulaqlarınızı gözləyin. Yetimlərə qarşı mehriban olun ki, sizdən sonra yetimlərinizlə mehriban olsunlar. Günahlardan Allaha tərəf qayıdın və əllərinizi dua etmək üçün namaz vaxtı göylərə qaldırın. Çünki, namaz vaxtı ən gözəl vaxtdır. Bu anlarda Allah-Taala öz bəndələrinə rəhmət gözüylə baxıb Onu çağırarkən onları cavablayır, Onu səslərkən ləbbeyk deyir və dua edərkən müstəcab edir.
Ay camaat! Doğrudan da canlarınız (ruhunuz) əməllərinizin zaminidir, Allahdan rəhmət (bağışlanma) diləməklə bu zaminlikdən qurtarın, boynunuzda ağır günah məsuliyyəti var, uzun-uzadı səcdələr etməklə günahlarınızı yüngülləşdirin. Bilin ki, Allah-Taala and içib ki, bu ayda namaz qılıb səcdə edənlərə əzab verməyəcək və qiyamət günü onları Cəhənnəm odu ilə qorxutmayacaq.
Ay camaat! Sizlərdən hansı biriniz bu ayda oruc tutmuş bir mö’minə iftar verərsə, Allah-Taala onun üçün bir qul azad etmiş şəxsin savabını yazıb keçmiş günahlarını əvf edər». Səhabələrdən bəzisi dedi: «Ya Rəsuləllah! Axı hamımızın buna imkanı çatmır». Peyğəmbər(s) buyurdu: «Oruc tutanlara yarım xurma dənəsi və ya bir içim su ilə də olsa iftar verməklə özünüzü Cəhənnəm odundan qoruyun. Bundan artığını etməyə imkanı olmayana da Allah-Taala həmin savabı verər.
Ay camaat! Bu ayda əxlaqını gözəlləşdirən şəxs ayaqların əsəcəyi gündə sirat körpüsündən asanlıqla ötüb keçər və hər kəs bu ayda öz qul və ya kənizinin işini asan tutarsa, Allah da onun hesab-kitabını qiyamətdə asan edər. Bu ayda öz şərrini camaatdan uzaq edən şəxsdən Allah-Taala qiyamət günü Öz qəzəbini uzaq edər. Kim bu ayda atasız bir yetimə qayğı göstərərsə, Allah da qiyamət günü onun özünə qayğı göstərib mərhəmət edər. Kim bu ayda öz qohum-əqrabasına yaxşılıq etsə, Allah da qiyamətdə onu Öz rəhmətinə qovuşdurar, kim bu ayda qohum-əqrəbasına yaxşılıq etməzsə, Allah da qiyamətdə onu Öz rəhmətindən uzaq edər. Kim bu ayda müstəhəb bir namaz qılsa, Allah-Taala onun Cəhənnəm odundan azadlığına hökm verər. Kim bu ayda vacib bir namaz qılsa, Allah-Taala ona başqa aylarda qılınan yetmiş namazın savabını verər. Kim bu ayda mənə çox salavat göndərərsə, əməl tərəzilərinin yüngülləşəcəyi gün Allah-Taala onun əməl tərəzisini ağırlaşdırar. Bu ayda Qur’andan bir ayə oxuyan şəxsə Allah-Taala başqa aylarda bir Qur’an oxumuş şəxsin savabını verər.
Ay camaat! Həqiqətən bu ayda Cənnət qapıları üzünüzə açılmışdır, Allahdan istəyin ki, onları üzünüzə bağlamasın və Cəhənnəm qapıları üzünüzə bağlanmışdır, Allahdan istəyin ki, onları üzünüzə açmasın. Bu ayda şeytanlar zəncirlənmişlər, Allahdan istəyin ki, onları sizə hakim etməsin».
Əli(ə) buyurur: Mən ayağa qalxıb Peyğəmbərdən soruşdum ki, ya Rəsuləllah, bu ayda ən gözəl əməl hansıdır? O həzrət cavabımda buyurdu: «Ey Əbəl-Həsən, bu ayda ən gözəl əməl Allah-Taalanın haram buyurduğu işlərdən uzaq olmaqdır». Bunu buyurub ağlamağa başladı. Soruşdum ki, ya Rəsuləllah, sizi ağladan nədir? Peyğəmbər buyurdu: «Ya Əli, sənin bu ayda Allaha ibadət edərkən qanının axıdılacağına ağlayıram. İnsanların ən bədbəxti, hətta Səmud qövmünün (Saleh peyğəmbərin) dəvəsini öldürəndən də bədbəxt şəxs sənin başına zərbə endirəcək və sənin sifətin qanına bulaşacaq». Soruşdum ki, ya Rəsuləllah, belə olan halda dinim salamat qalacaqmı? Peyğəmbər buyurdu ki, bəli, dinin salamat qalacaq. Daha sonra isə əlavə edib buyurdu: «Ya Əli, səni öldürəcək şəxs sanki məni öldürmüş, sənlə düşmənçilik edən şəxs sanki mənlə düşmənçilik etmiş və sənə nalayiq sözlər deyən şəxs sanki mənə nalayiq sözlər demişdir. Çünki sən məndənsən, mənim özüm kimisən, ruhun mənim ruhumdan, yaranışın mənim yaranışımdandır. Allah-Taala mənlə səni yaratmış, mənlə səni seçmiş, məni peyğəmbər, səni isə imam təyin etmişdir. Sənin imamətini inkar edən şəxs mənim peyğəmbərliyimi inkar etmiş olur. Ya Əli, sən mənim vəsim (canişinim), övladlarımın atası, qızımın əri, sağlığımda və ölümümdən sonra ümmətimin xəlifəsisən. Sənin əmrin elə mənim əmrim, sənin nəhyin elə mənim nəhyimdir. And olsun məni peyğəmbərliyə göndərmiş və insanların ən üstünü qərar vermiş Allaha ki, sən doğrudan da, Allahın bəndələr üzərindəki hüccəti, Allah sirrinin mühafizəçisi və bəndələr arasındakı xəlifəsisən».

|