Bizim kitablar:






 

FƏQİRƏRƏ HƏMDƏRDLİK

Oruc tutmağın aydın nəticələrindən biri də yoxsul və kasıblara münasibətdə həmdərdlik hissinin oyanması, yaranmasıdır. Rahat həyat tərzi keçirib susuzluğun, aclığın dadını bilməyən və yoxsulluq zülmünü görməyənlər kasıbların vəziyyətini başa düşməzlər. Oruc tutmaq belələrini qəflətdən oyatmaq, onlara yoxsulluq acısını daddırmaq, yoxsullara kömək etmək, xeyirxahlıq göstərmək, dərdə şərik çıxmaq üçün bir vasitədir. Digər tərəfdən mübarək ramazan ayında yoxsullara ehsan, nəzir verilir, başqa bir tərəfdən isə orucluğun aclığı və susuzluğu yoxsulların vəziyyətini dərk etməyə şərait yaradır. Bir sözlə, varlılar yoxsullara yaxınlaşır, onlarda rəhmetmə hissi yaradır, onlarda ehsan, nəzir vermək kimi xeyirxah hisslər oyanır. Bu səbəbdəndir ki, ramazan ayını kömək ayı adlandırmışlar. Yəni, müsəlmanlar ehsan verməklə məşğul olub bu insani sifətin nəticəsində qəzəb və kindən xilas olmaqla, ilahi nemətlərdən qardaşcasına istifadə etsinlər. Oruc tutanlar orucluğun bu cəhətlərinə fikir verməli, oruc ayəsində Allahın buyurduqlarını yerinə yetirib ramazan ayını özünəlayiq şəkildə başa çatdırmaq lazımdır ki, bu aydan lazımı qədər faydalana bilək.

Həzrət İmam Həsən Əsgəri (ə)-dan soruşdular: Nə üçün oruc tutmaq vacibdir? İmam cavab verdi ki, varlıların aclıq dərdini başa düşmələri və yoxsullardan xəbərdar olmaları üçün.

Hişam İmam Sadiq (ə)-dan oruc tutmağın səbəblərini soruşduqda İmam belə buyurdu: Allah oruc tutmağı ona görə vacib etdi ki, varlı və yoxsul bərabər olsun, varlı aclıq zülmünü hiss edib kasıba əl tutsun. Allah bəndələri arasında eyniliyin, bərabərliyin olmasını və varlının da aclıq zülmü çəkməyini istəyir. Əgər belə olmasaydı, varlılar yoxsul və aclara rəhm etməzdi.