Bizim kitablar:






 


İMAM ƏLİ ƏN-NƏQİ(Ə)-IN HƏYATI

İmam Əli ən-Nəqi(ə)-ın həyatı
barədə qısa mə’lumat
Şiələrin onuncu imamı imam Əli ən-Nəqi(ə) hicrətin iki yüz on ikinci ili Zil-hiccə ayının on beşində Mədinə yaxınlığındakı Sərya adlı bir yerdə anadan olmuşdur. Atası imam Cavad(ə), anası isə hörmətli Səmanə xanım olmuşdur. O, elə əvvəldən fəzilətli və təqvalı bir kəniz idi.1 Onuncu imamın ən məşhur ləqəbləri Nəqi və Hadi olmuşdur. O həzrətə “üçüncü Əbülhəsən” deyirlər.2
İmam Hadi(ə) hicrətin iki yüz iyirminci ilində əziz atasının şəhadətindən sonra səkkiz yaşında ikən imamət məqamına yetişmişdir. O həzrətin imamət müddəti otuz üç il, ümumi ömrü isə qırx bir il və bir neçə ay olmuş və hicrətin iki yüz əlli dördüncü ilində Samirra şəhərində şəhadətə qovuşmuşdur.

İmam Əli ən-Nəqi(ə)ın müasiri olmuş xəlifələr
İmam Əli ən-Nəqi(ə) imam olduğu müddət ərzində aşağıda adları çəkilmiş Abbasi xəlifələrinin müasiri olmuşdur:
Mə’munun qardaşı Mö’təsim (217–227 h.q)
Mö’təsimin oğlu Vasiq (227–232 h.q)
Vasiqin qardaşı Mütəvəkkil (232–248 h.q)
Mütəvəkkilin oğlu Müntəsir (altı ay)
Müntəsirin əmisi oğlu Müstəin (248–252 h.q)
Mütəvəkkilin digər oğlu Mö’təzz (252–255 h.q)
İmam Əli ən-Nəqi(ə) adı sonuncu çəkilmiş xəlifənin (Mö’təzzin) hakimiyyəti dövründə zəhərlənərək şəhid olmuş və evində dəfn edilmişdir.

İmam Əli ən-Nəqi(ə)-ın dövründə
siyasi-ictimai vəziyyət
Abbasilər hakimiyyətinin bu mərhələsi onu digər mərhələlərdən ayıran bir sıra xüsusiyyətlərə malik olmuşdur. İndi həmin xüsusiyyətlərdən bir neçəsini oxucuların nəzərinə çatdırırıq:
Xilafətin əzəmət və heybətinin itməsi. İstər Əməvilərin hakimiyyəti dövründə, istərsə də Abbasilər dövründə xilafətin özünəməxsus əzəməti olmuşdur. Ancaq imam Əli ən-Nəqi(ə)-ın dövründə xilafətdə türklərin və qulların nüfuz tapmasının nəticəsi olaraq xilafət öz əzəmətini itirmiş, bu ünsürlər onu istədikləri kimi idarə edirdilər. Xəlifə yalnız simvolik bir mə’na daşıyırdı. Ancaq buna baxmayaraq nə vaxt müxaliflər tərəfindən bir təhlükə hiss edilirdisə, xəlifə və bütün ətrafındakılar onu dəf etmək üçün ümumi bir razılığa gəlirdilər.
Saraydakıların əyləncə ilə gün keçirmələri. Abbasi xəlifələri hakimiyyətdə yaranmış boşluqdan istifadə edib kef, əyləncə, eyş-işrətlə məşğul olur, gecə məclisləri təşkil edirdilər. Hökumət başdan-başa fəsadla dolmuşdu. Tarix onların bu əyləncələrinin hamısını qələmə almışdır.
Zülm, haqsızlıq və özbaşnalığın yayılması. Zülm, haqsızlıq və həmçinin beytül-malı qarət edib əyləncəyə sərf etmək camaatı cana yığmışdı.
Ələvi qiyamlarının artması. Abbasi xəlifələri hakimiyyətlərinin bu mərhələsində çalışırdılar ki, cəmiyyət arasında Ələvilərə qarşı nifrət yaratmaqla onları tar-mar etsinlər. Ələvilərin hər hansı bir qiyamının kiçik fəaliyyəti müşahidə ediləcək dərhal onun amansızcasına qarşısını almağa cəhd göstərilirdi. Bunun səbəbi də o idi ki, hökumət cəmiyyətdə yaratdığı qorxuya baxmayaraq özünü qeyri-sabit, qeyri-qanuni bilib bu kimi qiyamlardan çox qorxurdu. Ələvilərin bu müddət ərzindəki fəaliyyəti belə olmuşdur ki, onlar kiminsə adını çəkmədən camaatı Mühəmməd(s)-in nəslindən seçilmiş bir nəfərin ətrafında toplaşmağa də’vət edirdilər. Çünki qiyam başçıları görürdülər ki, mə’sum imamlar Samirra şəhərindəki hərbi düşərgədə tə’qib olunur, belə olduğu halda onlar müəyyən bir şəxsi (yə’ni hər hansı bir mə’sum imamı) rəhbər tə’yin etməklə onun həyatını təhlükə ilə üzləşdirər, hətta ölümünə səbəb ola bilərdilər. Bu qiyamlar cəmiyyətdə yaranmış zorakılıq, özbaşınalıqların nəticəsi olub birbaşa onlarla əlaqədar olmuşdur. Məsələn, digər Abbasi xəlifələri ilə müqayisədə nisbətən peyğəmbər ailəsinə əlaqəsi olan və hakimiyyəti dövründə şiələr üçün heç bir təhlükə doğurmayan xəlifə Müntəsirin dövründə bir dənə də olsun belə qiyam baş verməmişdir. Tarixlər təkcə 219-270 hicri qəməri illəri arasında baş verən on səkkiz qiyamı qeyd etmişlər. Bu qiyamların əksəriyyəti məğlubiyyətlə nəticələnmiş və Abbasi hökuməti tərəfindən yatırılmışdır.

Qiyamların məğlubiyyətə uğramasının səbəbləri
Bu qiyamların məğlubiyyətə uğramasının səbəbini bir tərəfdən qiyam başçılarının, digər tərəfdən də qiyam başçılarının tərəfdarlarının zəif olması ilə əlaqələndirmək lazımdır. Qiyam başçılarının hazırladıqları proqramlar kamil olmur, işlərində çatışmazlıqlar olur, ən əsası isə onların qiyamı tam şəkildə İslami bir qiyam olmurdu. Buna görə də qiyamlar çox vaxt mə’sum imamların e’tirazı ilə üzləşməli olurdu. Düzdür, bu qiyam tərəfdarları arasında pakməramlı və əsl şiələr də var idi və onlar İslamın ali məqsədləri uğrunda ölümə getməyə belə hazır idilər, ancaq bu cür insanların sayı çox az idi və mübarizə aparanlar əsasən müəyyən bir İslami məqsədi olmayan şəxslər idilər. Onlar mə’ruz qaldıqları zülm və haqsızlıqlar nəticəsində narahat olub mövqelərini dəyişmək fikrinə düşür, məğlubiyyət zamanı, yaxud ölüm təhlükəsində olduqlarını hiss etdikdə öz rəhbərlərini tənha qoyub ondan uzaqlaşırlar. Bir daha xatırladırıq ki, əgər bu qiyamların əksəriyyəti mə’sum imamların e’tirazı ilə üzləşirdisə, onun səbəbi ya bu qiyamların əsl İslami qiyam olmamasına və qiyamçıların, yaxud qiyam başçılarının bə’zi qeyri-İslami hərəkətləri, ya da onların fəaliyyətinin məğlub olacağını qabaqcadan görmək olmuşdur. Buna görə də əgər İmam onların qiyamına razılıq versəydi, qiyamın məğlub olacağı təqdirdə şiə və imamət məsələsinin əsası, şiə məzhəbinin əsas qüvvələri təhlükə qarşısında olardı.

İmam Əli ən-Nəqi(ə)-ın gizli fəaliyyətləri.
İmam Əli ən-Nəqi(ə)-ın imaməti dövründəki Abbasi xəlifələri arasında hamıdan çox Mütəvəkkil o həzrətlə həmzaman olmuşdur. Buna görə də onun imam Əli ən-Nəqi(ə)-ın müqabilindəki mövqeyini araşdırmaq daha məqsədəuyğun olar.
Mütəvəkkil Bəni-Haşimə qarşı çox kobud və düşməncəsinə rəftar edirdi. O, Bəni-Haşimə qarşı daima bədgüman olmuş və onları həmişə müttəhim etmişdir. Onun vəziri Übeydullah ibn Yəhya ibn Xaqan da həmişə onun yanında Bəni-Haşimə qarşı töhmətlər qoşur və onu bu tayfaya qarşı pis rəftar etməyə vadar edirdi. Mütəvəkkil Ələvilərə qarşı zülm və insafsızlıqda sanki bütün Abbasi xəlifələrini vurub keçmişdi.1 Mütəvəkkilin Əli(ə) və onun övladlarına qarşı misli görünməmiş bir düşmənçiliyi var idi. Əgər bir nəfərin Əli(ə)-a rəğbət bəslədiyindən xəbər tutsaydı, bütün mal-dövlətini müsadirə edib özünü də öldürəcəkdi.2 Elə buna görə də imam Əli ən-Nəqi(ə) Mütəvəkkilin hakimiyyəti dövründə öz fəaliyyətini gizli şəkildə aparır, şiələrlə münasibətdə son dərəcə ehtiyatla hərəkət edirdi. Bunu tarixçilərin aşağıda qeyd etdikləri hadisə də bir daha təsdiq edir.
Mühəmməd ibn Şərəf deyir: “Mədinədə imam Əli ən-Nəqi(ə) ilə birlikdə yol gedirdim. İmam buyurdu: “Sən Şərəfin oğlu deyilsən?” Dedim ki, bəli. İstədim o həzrətdən bir sual soruşam. İmam məni qabaqlayıb buyurdu: “Biz indi camaatın çox get-gəl etdiyi küçədəyik, bura sual yeri deyil.”3 Bu hədisdən hakim qüvvələrin cəmiyyəti nə qədər çətinlikdə saxlaması və eləcə də imam Əli ən-Nəqi(ə)-ın məcburi şəkildə gizli fəaliyyətini açıq-aşkar bəyan etməsi başa düşülür. İmam Əli ən-Nəqi(ə) uzaq şəhər və kəndlərdə yaşayan şiələrlə də eynilə bu cür hərəkət edirdi. Onların göndərdiyi şər’i vergiləri, hədiyyə və nəzərləri gizlincə qəbul edirdi. Tarix kitablarında qeyd olunmuş bu cür hadisələrdən birinə nəzər salaq:
Məhəmməd ibn Davud Qummi və Məhəmməd Təlhi deyir: “Qum və onun yaxınlıqlarından yığılmış xüms, hədiyyə və nəzərləri imam Əli ən-Nəqi(ə)-ın hüzuruna aparırdıq. Yolda o həzrətin köndərdiyi qasid yetişib bizə xəbər verdi ki, geri qayıdaq. O bildirdi ki, indi bunları İmam(ə)-a təqdim etmək üçün münasib vaxt deyil. Biz geri qayıdıb bütün yükümüzü də özümüzdə saxladıq. Bir müddət keçdikdən sonra o həzrətin əmrilə ona çatdırmaq istədiyimiz şeyləri onun öz göndərdiyi dəvələrə yükləyib sarbansız hüzuruna göndərdik. Bundan bir qədər keçdikdən sonra o həzrətin hüzuruna getdikdə bizə buyurdu: “Göndərdiklərinizə baxa bilərsiniz.” Biz onlara baxdıqda gördük ki, göndərdiyimiz şeylər olduğu kimi qalıb.”4 Düzdür, bu hadisənin imam Əli ən-Nəqi(ə)-ın Mədinədə, yoxsa Samirrada olduğu müddətdə baş verməsi mə’lum olmasa da (Samirrada hökumətin nəzarəti daha çox olmuşdur) ancaq bu, şiələrin İmama gizli və dövlət mə’murlarından xəbərsiz əlaqələrindən bir nümunədir.

Vəkillik əlaqə vasitəsi kimi
Şiə imamlarının Abbasi xəlifələri dövründə üzləşdiyi böhranlı vəziyyət onları şiələrlə əlaqə saxlamaq üçün başqa bir vasitə axtarmağa məcbur etdi. Bu da imamların şiələrlə əlaqə vasitəsi təşkil edib müxtəlif şəhər və kəndlərdə vəkillər və nümayəndələr tə’yin etməsindən ibarət olmuşdur. Bu hərəkətdən əsas məqsəd vəkillər vasitəsilə müxtəlif yerlərdən xüms, zəkat, nəzir, hədiyyə və bu kimi şeylərin yığılaraq İmama çatdırılması, həmçinin şiələrin fiqhi və əqidəvi suallarına İmam tərəfindən cavab verilməsi və vəkillərin bu çətinlikləri siyasi nöqteyi-nəzərdən hazırkı vəziyyətlə uyuğunlaşdırması olmuşdur. İmamların fəaliyyətində bu hərəkətin böyük rolu olmuşdur. Samirra şəhərində ciddi nəzarət altına alınmış imam Əli ən-Nəqi(ə) atası imam Cavad(ə)-ın icra etdiyi vəkil və nümayəndə tə’yinetmə işini davam etdirir, müxtəlif şəhər və kəndlərə vəkil və nümayəndələr tə’yin edirdi. Doğru yola yönəlmiş bu vəkillər yuxarıda qeyd olunmuş məqsədləri tam şəkildə tə’yin edirdilər.
İmam Əli ən-Nəqi(ə) ilə şiələr arasında bilavasitə əlaqənin olmaması vəkillərin məzhəbi və siyasi rolunu gücləndirir, belə ki, onlar işləri səliqə-səhmana salmağa daha da məs’suliyyətlə yanaşırdılar. Vəkillər get-gedə şiələrin işini idarə etməkdə dəyərli təcrübələr əldə edirdilər. Bir çox tarixi faktlar göstərir ki, vəkillər müxtəlif məntəqələr e’tibarına görə şiləri aşağıdakı dörd qrupa bölmüşdülər:
Bağdad, Mədain və Kufə (İraq) məntəqəsi.
Bəsrə və Əhvaz məntəqəsi.
Qum və Həmədan məntəqəsi.
Hicaz, Yəmən və Misir məntəqəsi.
Bu məntəqələrin hər biri üçün xüsusi vəkil tə’yin edilir, onlar da özlərinə yerli əhalidən işçilər seçirdilər. Bu nümayəndəliyin fəaliyyətini imam Əli ən-Nəqi(ə)-ın nümayəndələrə verdiyi göstərişlərdə müşahidə etmək olar. Rəvayət olunmuşdur ki, imam Əli ən-Nəqi(ə) hicrətin iki yüz otuz ikinci ilində öz məntəqə (Bağdad) vəkili Əli ibn Bilala yazmışdır: “...Mən Əbu Əli ibn Raşidi Əli ibn Hüseyn ibn Əbdürrəbbihin yerinə1 vəkil tə’yin edirəm. Bu məs’uliyyəti ona görə onun öhdəsinə qoyuram ki, o, bu iş üçün lazımi səlahiyyətə kifayət qədər malikdir. Belə ki, bu işdə heç kəs ondan üstün ola bilməz. Bilirəm ki, o məntəqənin böyüyü sənsən, buna görə də səni bu işdən xəbərdar etmək istədim. Eyni zamanda sən də ona tabe olmalı və toplanmış şər’i vergiləri ona göndərməlisən. Bütün şiələri bu işdən xəbərdar et və o, öz vəzifəsini layiqincə yerinə yetirsin deyə onları da ona tabe olmağa, ona kömək etməyə də’vət et...”1
Həmçinin imam Əli ən-Nəqi(ə) Bağdad, Mədain və Kufədəki vəkilinə yazmışdır: “Ey Əyyub ibn Nuh! Mənim göstərişim sənə çatdıqdan dərhal sonra Əbu Əli ilə müxalifətçilikdən əl çək. Hər ikiniz öz məntəqənizdə öhdənizə düşən vəzifəni yerinə yetirməlisiniz. Belə olduğu halda öz vəzifənizi mənimlə məsləhətləşmədən də yerinə yetirə bilərsiniz. Ey Əyyub, mənim göstərişimə əsasən bundan sonra Bağdad və Mədain camaatından heç bir şeyi (şər’i vergini) qəbul etmə, onlardan heç birinə mənimlə görüşməyə icazə vermə. Əgər sənin öz məs’uliyyət çərçivəndən kənar olan bir şəxs sənə şər’i vergi versə, ona de ki, aparıb öz məntəqə vəkilinə versin.
Ey Əbu Əli! Sənə də göstəriş verirəm ki, eynilə Əyyuba verdiyim göstərişi yerinə yetirəsən.”2
İmam Əli ən-Nəqi(ə) Əbu Əli ibn Raşidin vasitəsilə Bağdad, Mədain və Kufədəki şiələrinə də bir məktub göndərir. Məktubda deyilir: “...Mən Əbu Əli ibn Raşidi Hüseyn ibn Əbdürrəbbih və digər keçmiş vəkillərimin yerinə vəkil tə’yin edirəm. O, mənim nəzdimdə artıq Hüseyn ibn Əbdürrəbbih vəzifəsini daşıyır. Digər vəkillərin də ixtiyarını şər’i vergilərin toplanması baxımından ona verir, onu bu işə layiq olduğu üçün sizin işlərinizi idarə etmək üçün tə’yin edirəm. Siz şər’i vergilərinizi ona verin. Öz əlaqənizi əsla onunla pozmayın, ona qarşı çıxmaq fikrini başınızdan çıxarın. Allaha itaət etməyə, əmlakınızı təmizləməyə tələsin, bir-birinizin qanını tökməyin, xeyir işlərdə, təqvada bir-birinizə əl tutun. Allah rəhmətinə nail olmaq istəyirsinizsə təqvalı olun. Hamılıqla Allahın ipindən (dinindən) yapışın və müsəlman halında ölün. Ondan (Əbu Əlidən) itaət etmək mənə itaət etmək, onun sözündən çıxmaq mənim sözümdən çıxmaq deməkdir. İşinizi elə bu cür davam edin, Allah da sizə xeyir verər, Öz mərhəməti sayəsində vəziyyətinizi yaxşılaşdırar. O, (Allah) həddən artıq səxavətli, bəndələrinə münasibətdə isə həddən artıq mehribandır. Biz və siz Onun himayəsi altındayıq. Bu məktubu öz xəttimlə yazıram. Sonsuz şükr və həmd təkcə Allaha məxsusdur.”1
Bağdad ətrafındakı Hamiya kəndinin sakini Əli ibn Cə’fər də imam Əli ən-Nəqi(ə)-ın vəkillərindən biri idi. Onun fəaliyyəti barədə Mütəvəkkilə xəbər çatmış, Mütəvəkkil onu tutaraq həbs etmişdir. Uzun müddət həbsdə qaldıqdan sonra azad olmuş, sonra da imam Əli ən-Nəqi(ə)-ın sifarişi ilə Məkkəyə gedib orada yaşamağa başlamışdır.2
İmam Əli ən-Nəqi(ə)-ın nümayəndələri arasında İbrahim ibn Məhəmməd Həmədaninin də adını qeyd etmək lazımdır. İmamın ona yazdığı məktubda deyilir: “Göndərdiyin şər’i vergilər gəlib çatdı. Allah səndən qəbul etsin, şiələrimizdən razı qalsın, onları dünya və axirətdə bizimlə bir yerdə qərar versin...” Bu məktubdan açıq-aşkar mə’lum olur ki, İmam İbrahimi nümayəndə tə’yin etmiş və (ola bilsin ki, öz vəzifəsindən əlavə) şiələrdən toplanmış şər’i vergiləri də o həzrətə çatdırırmış. İmam Əli ən-Nəqi(ə) onun bu fəaliyyətini təqdirəlayiq bilib mövqeyini möhkəmlətmək üçün ona yazır: “Nəzr ibn Məhəmməd Həmədaniyə3 bir məktub yazıb tapşırdım ki, sənə toxunmasın, sənə qarşı çıxmasın. Sənin mənim yanımda olan mövqeyini ona bildirdim. Əyyub ibn Nuh Fərraca da eynilə bu tapşırığı tapşırdım.4 Həmçinin Həmədandakı şiələrimizə məktub yazıb onlara tapşırdım ki, sənə itaət etsinlər. Həm də onlara bildirdim ki, mənim o məntəqədə səndən başqa nümayəndəm yoxdur.”5 Bir sözlə, nümayəndələrin apardığı fəaliyyət, xüsusən də Mütəvəkkilin hakimiyyəti dövründəki, fəaliyyətləri göz qabağındadır. Mütəvəkkil Ələvilərlə düşmənçiliyi olan şəxsləri özünə tərəf cəlb edərək onları Ələvilərin gizli şəkildə apardığı fəaliyyətini dayandırmağa sövq edirdi. O, şiələri tutub həbs etmək məqsədilə bir sıra nizami hərəkətə əl atır, özü də bu hərəkətini çox ciddiyyətlə həyata keçirirdi. Onun bu hərəkəti İmamın Bağdad, Mədain və Kufədəki bə’zi vəkillərinin ölümünə, bə’zilərinin isə həbs edilməsinə gətirib çıxarır.1 Mütəvəkkilin bu hərəkəti vəkillik əlaqəsinə ciddi sarsıntılar yaşatsa da imam Əli ən-Nəqi(ə) öz gözəl təcrübələri nəticəsində bu əlaqəni daima fəal saxladı.