| |
İMAM HƏSƏN ƏSKƏRİ(Ə)IN HƏYATI
İmam Həsən Əskəri(ə)-ın həyatı barədə qısa mə’lumat Şiələrin on birinci imamı həzrət Həsən Əskəri(ə) hicrətin iki yüz otuz ikinci ilində anadan olmuşdur.1 Atası onuncu imam həzrət Əli ən-Nəqi(ə), anası isə Hüdeysə adlı təqvalı bir qadın olmuşdur.2 Bə’zi tarixçilər onun adını Süsən qeyd etmişlər.3 Bu qadın təqvalı və İslam baxımına malik bir qadın olmuşdur. Onun fəzilətinə gəldikdə isə bunu demək kifayət edər ki, o, imam Həsən Əskəri(ə)-ın şəhadətindən sonra o cür böhranlı bir vəziyyətdə şiələrin pənahgahına çevrilmişdi.4 İmam Həsən Əskəri(ə) Abbasi xəlifəsinin əmrilə məcburi şəkildə Samirrada Əskər adlı bir yerdə saxlanıldığı üçün Əskəri adlandırılmışdı.5 O həzrətin digər məşhur ləqəblərindən biri Nəqi, başqa birisi Zəki,6 künyəsi isə Əbu Mühəmməd olmuşdur. O həzrət iyirmi iki yaşında ikən atası vəfat etmişdir. Altı il şiələrin imamı olmuş, ümumilikdə isə iyirmi səkkiz il yaşamışdır. Hicrətin iki yüz altımışıncı ilində şəhid olmuş və Samirra şəhərində öz evindəcə, atasının qəbrinin yanında dəfn edilmişdir.7
İmam Həsən Əskəri(ə)-ın müasiri olmuş xəlifələr İmam Həsən Əskəri(ə) imam olduğu qısa müddət ərzində bir-birindən zalım olan üç Abbasi xəlifəsinin müasiri olmuşdur. Bu üç xəlifə aşağıdakılar olmuşlar: 1) Əl-Mö’təzz Billah (252–255 h.q) 2) Əl-Mühtədi Billah (255–256 h.q) 3) Əl-Mö’təmid (256–279 h.q) Qiyama başladıqları ilk gündə Ələviləri himayə etmək və onların Bəni-Üməyyədən intiqamını almaq adı ilə ayağa qaxmış Bəni-Abbas camaata verdiyi və’dlərə əməl etməkdən imtina edir, Bəni-Üməyyə xəlifələri kimi, bəlkə onlardan da çox zülm etməyə, özbaşınalığa başlayırlar. İmam Həsən Əskəri(ə)-ın dövründə yaşamış Abbasi xəlifələrinin çirkin əməllərini göstərmək üçün onların hakimiyyətinə və bu müddət ərzində baş vermiş hadisələrə qısa nəzər salaq. 1- Əl-Mö’təzz Mö’təzz Mütəvəkkilin oğlu olub xəlifə Müstəinin hakimiyyətdən salınmasından sonra (252. h.q) xilafət başına keçərək öz əcdadlarının yolunu getməyə davam etmişdir. Mütəvəkkilin ölümündən sonra dövlətin mühüm vəzifələrini türklər ələ keçirərək hakimiyyəti ələ alır, xəlifə onlara rəhbərlik etmək əvəzinə onlar xəlifəyə rəhbərlik edirlər. Əgər xəlifə onların dediyinə əsasən hərəkət etməsəydi, dərhal onu devirər, ya da qətli üçün plan cızardılar. Aşağıda qeyd edəcəyimiz hadisə də bu həqiqəti sübut edir. Bir gün Mö’təzz öz yaxın adamlarını bir yerə toplayır. Sonra bir münəccim çağırtdırıb hakimiyyətdə olacağı müddəti müəyyənləşdirmək istədi. Bu zaman məclisdə hazır olub peşəsi lətifə danışmaq olan bir şəxs deyir: “Mən onun nə qədər hakimiyyətdə olacağını və hətta nə qədər yaşayacağını münəccimdən daha yaxşı bilirəm.” Sonra isə öz fikrini belə açıqladı: “Nə qədər ki, türklər onu (Mö’təzzi) himayə edib hakimiyyətdə qalmasını istəyirlər, o, hakimiyyətdə qalacaq, ancaq elə ki onların əlaqəsi ondan kəsildi, həmin gün onun hakimiyyətinin sonudur.”1
Mö’təzzin öldürülməsi Türklərin sarayda böyük nüfuza malik olması nəticəsində vəziyyət elə alınmışdı ki, xəlifə ancaq simvolik bir mə’na daşıyır, bütün işləri isə türklər yerinə yetirirdi. Bir gün bir dəstə türk Mö’təzzin sarayına girib onu sürüyə-sürüyə bir otağa aparırlar. Sonra onu kötəklə döyüb köynəyini yandırır, özünü isə sarayın həyətində günün altında qoyurlar. Həmin gün hava həddən artıq isti idi və heç kim ayağını yerə basa bilmirdi. Türklər Mö’təzzi hakimiyyətdən çıxardıb bir neçə nəfəri də buna şahid tutdular. Sonra isə vəzifədən kənarlaşdırılmış xəlifəni öldürmək məqsədilə bir nəfərə tapşırırlar. Ona deyirlər ki, onu öldürmək üçün ac-susuz saxla, çoxlu əziyyət ver. Beləliklə, yarımcan olmuş xəlifəni bir sərdabəyə salıb sərdabənin qapısını bağlayırlar və Mö’təzz diri-diri torpağa basdırılır.1
2-Əl-Mühtədi İmam Həsən Əskəri(ə)-ın müasiri olmuş ikinci, ümumilikdə isə on dördüncü Abbasi xəlifəsi olmuş Mühtədi hicrətin iki yüz əlli beşinci ilində qardaşı Mö’təzzin ölümündən sonra hakimiyyətə gəlir. O da qardaşı kimi heç bir sərbəstliyə malik olmur və Abbasilər sarayındakı türklərin oyuncağına çevrilir. Mühtədi digər Abbasi xəlifələrilə müqayisədə ədalətli və orta səviyyəli bir şəxs olmuş, əxlaq, rəftar və davranış baxımından Bəni-Üməyyə xəlifələri arasında Ömər ibn Əbdüləzizdən heç də geri qalmırdı. O, bə’zi vaxtlar deyirdi: “Əməvi xəlifələri arasında heç olmasa bir nəfər (Ömər ibn Əbdüləziz) ədalətli xəlifə olmuşdur. Bizim üçün eybdir ki, Abbasi xəlifələri arasında bir nəfər ona oxşamasın.” Buna görə də o da Ömər ibn Əbdüləziz kimi mümkün qədər camaatın şikayətlərinə yetişir, yemək-içmək və geyimdə nisbətən ədaləti qoruyurdu. O, hakimiyyətə gəldikdən sonra saraydan əyləncə və şərab məclislərini yığışdırdı. Tarixçilər bu barədə kifayət qədər yazmış və onun bu hərəkətini təqdirəlayiq bilmişlər.2 Belə nəzərə çarpır ki, Mühtədinin bu işdən məqsədi siyasi-ictimai gedişatı qorumaq olmuşdur. O, yaxşı başa düşürdü ki, cəmiyyət arasında ondan da layiqli və savadlı şəxslər var və belə olduğu halda o, hökuməti onlara təhvil verməli, özü isə kənara çəkilməlidir. Bu hərəkətləri ilə o, özünə sosial baza toplamaq istəyirdi. Yoxsa tarixçilər demişkən günlərini oruc halında keçirib duz-çörək və sirkə ilə iftar edən şəxs öz nəfsini elə ram etməlidir ki, əsla hakimiyyət fikrində olmasın. Halbuki Mühtədi də qardaşı Mö’təzz kimi öldürüldüyü günə qədər hakimiyyətdə olmuşdur. Tarix onun kimi xəlifələri çox görüb və bu cür hərəkətlərin İlahi məqsəd daşıması ağıla batası deyil. Mühtədinin dünyatələb və zalımlığının ən aşkar sübutu budur ki, o, imam Həsən Əskəri(ə)-ı həbs etdirir, o həzrət onun hakimiyyətinin son gününə qədər zindanda qalır. Hətta Mühtədi İmamı öldürmək fikrinə də düşmüşdü.3
3- Əl-Mö’təmid İmam Həsən Əskəri(ə)-ın müasiri olmuş üçüncü Abbasi xəlifəsi Mö’təmid olmuşdur. İmam Həsən Əskəri(ə) imamət dövrünün dörd ilini onun hakimiyyəti vaxtında keçirmişdir. Mö’təmid hicrətin iki yüz iyirmi doqquzuncu ilində anadan olmuş, iki yüz əlli altıncı ildə türklərin vasitəsilə hakimiyyətə gəlmiş və iki yüz yetmiş doqquzuncu ildə vəfat etmişdir. Tarixçilər (Mö’təmidin əmisi oğlu) Mühtədi1 barədə təqdirəlayiq sözlər yazıb onu nisbətən tə’rifləmişlərsə, ondan fərqli olaraq Mö’təmidin əxlaq pozğunluğuna dair kifayət qədər mə’lumat yazmışlar. Hamı yekdilliklə qeyd etmişdir ki, o, kef-damağ, eyş-işrət vurğunu olmuş və əsla camaatın çətinliklərinə yetişməmişdir. Buna görə də camaat ondan əl götürmüş və onun qardaşı Müvəffəqə (Təlhəyə) ümid bəsləmişdi. Mö’təmidin başı həddən artıq əyyaşlığa qarışdığından2 hakimiyyəti onun qardaşı Müvəffəq idarə edirdi. Tarixçilər Müvəffəqin Mö’təmidin xəlifə olduğu müddət ərzində iqtidarda olduğu barədə yazırlar: “Zahirdə Mö’təmidin xəlifə olmasına baxmayaraq hökuməti əsas idarə edən Müvəffəq olmuşdur və Mö’təmidin yalnız quru adı var idi.3
İmam Həsən Əskəri(ə)-ın dövründə siyasi-ictimai vəziyyət Qeyd etdiyimiz kimi Abbasi xəlifələri imamlara qarşı əllərindən gələn bütün təzyiqləri həyata keçirirdilər. Bu təzyiqlər imam Cavad(ə), imam Əli ən-Nəqi(ə) və imam Həsən Əskəri(ə)-ın Samirrada olduğu dövrdə özünün son həddinə çatır. Bu təzyiqlərin şiddətindən Abbasilərin hökumət mərkəzində (Samirrada) yaşamış üç imam cavan yaşlarında ikən şəhadət şərbətini içmişdir. İmam Cavad(ə) iyirmi beş, imam Əli ən-Nəqi(ə) qırx bir, imam Həsən Əskəri(ə) isə iyirmi səkkiz yaşında şəhid olmuşdur. Üçünün yaşını bir-birinin üstə gəldikdə cəmi doxsan dörd il edir. Bu isə onlara qarşı yönəldilmiş təzyiqlərin nə dərəcədə güclü olduğunu göstərir. İmam Həsən Əskəri(ə)-a qarşı olunan təzyiqlər özündən qabaqkı iki imama olunmuş təzyiqlərdən çox olmuşdur. Bunun isə iki səbəbi var: 1) İmam Həsən Əskəri(ə)-ın dövründə şiələr İraqda böyük bir qüdrətə sahib olmuşdular. Bütün camaat da bilirdi ki, onlar rəsmi xəlifəyə qarşı mənfi mövqedə durur və Abbasi xəlifələrinin heç birini rəsmən xəlifə kimi qəbul etmirlər. Onların fikrincə İslamda xəlifəlik məqamı həzrət Əli(ə)-ın övladlarına məxsusdur. O dövrdə də bu ailənin parlaq nümayəndəsi məhz imam Həsən Əskəri(ə) olmuşdur. Şiələrin böyük bir qüdrətə çatmasını Mö’təmidin vəziri Übeydullahın bu məsələyə e’tiraf etməsi də təsdiq edir. Belə ki, imam Həsən Əskəri(ə)-ın şəhadətindən sonra o həzrətin qardaşı Cə’fər Kəzzab Übeydullahın yanına gəlib deyir: “Əgər sən məni qardaşımın yerinə (imam) tə’yin etsən, mən bu işə görə sənə ildə iyirmi min dinar pul verərəm.” Vəzir (Übeydullah) onun bu sözündən qəzəblənib deyir: “Axmaq, xəlifə sənin atanı (imam Əli ən-Nəqi(ə)ı) və qardaşını imam bilənlərin üstünə bu fikirlərindən dönmək üçün o qədər qılınc çəkdi, ancaq onları öz fikirlərindən döndərə bilmədi, nə qədər çalışsa da buna nail olmadı. Əgər sən də şiələrin fikrində imamsansa, onda xəlifəyə-filana ehtiyac yoxdur, yox, əgər onların fikrincə imam deyilsənsə, onda bizim sə’yimizin bir xeyri olmayacaq.”1 2)Abbasilər sülaləsi və onların davamçıları bir çox rəvayətlərə əsasən bilirdilər ki, bütün azğın hökumətləri tar-mar edəcək və’d edilmiş Məhdi(ə) imam Həsən Əskəri(ə)-ın nəslindən olacaq. Buna görə də onlar daima imam Həsən Əskəri(ə)-ı tə’qib edirdilər ki, oğlunu ələ keçirib öldürsünlər. (Necə ki, Fir’on Musa(ə)-ı uşaqlığından ələ keçirmək üçün əbəs yerə sə’y edirdi.) Bu barədə imam Həsən Əskəri(ə)-ın şəhadəti bölməsində ətraflı mə’lumat verəcəyik. Yuxarıda qeyd etdiyimiz iki səbəbə görə on birinci imama qarşı təzyiqlər həddən artıq çox idi və hər tərəfdən o həzrət nəzarət altına alınmışdı. Abbasi xəlifəsi imam Həsən Əskəri(ə)ın mühüm ictimai nüfuz və mövqeyindən o qədər narahat idi ki, o həzrəti həftənin birinci və dördüncü günləri saraya gəlməyə məcbur etmişdi.2 Abbasilər o qədər qorxurdular ki, bununla kifayətlənmir, xəlifə Mö’təzz İmamı tutub zindana saldırır.3 Hətta xəlifə Səid Hacibə əmr verir ki, o həzrəti Kufəyə tərəf aparıb yolda qətlə yetirsin. Ancaq üç gündən sonra türklər onun özünü qətlə yetirirlər.1 Mö’təzdən sonra xəlifə Mühtədi də imam Həsən Əskəri(ə)-ı tutub həbs edir və Mö’təzz kimi o da İmamı qətlə yetirmək istəyir. Lakin Allah buna icazə vermir və türklər onun öz əleyhinə qiyam edərək onu öldürürlər.2
İmam Həsən Əskəri(ə)-ın təhlükəsizlik təbdirləri Dediklərimizdən əlavə əldə olan bir sıra tarixi sübutlar bir tərəfdən Abbasilərin İmama və eləcə də o həzrətin şiələrinə qarşı yönəltdiyi hiylə və xaincəsinə işlətdikləri planların nə dərəcədə olduğunu, digər tərəfdən isə İmamın çox diqqətli olduğunu və həyata keçirdiyi təhlükəsizlik tədbirlərini müəyyənləşdirir. Aşağıda qeyd edilmiş məqamları buna dair nümunə göstərmək olar. 1) Əbu Haşim Davud ibn Qasim Cə’fəri deyir:3 “Biz bir neçə nəfər zindanda olarkən imam Həsən Əskəri(ə) və qardaşı Cə’fəri də zindana gətirirlər. İmam Həsən Əskəri(ə)-a hörmət əlaməti olaraq və ona xidmət etmək məqsədilə o həzrətə yaxınlaşdıq. Orada bizimlə birgə əcəm (qeyri-ərəb) bir şəxs də var idi və o, Ələvilərdən olduğunu iddia edirdi. İmam diqqətini ona cəlb edib buyurdu: “Əgər aranızda sizdən olmayan bir şəxs olmasaydı, sizin nə vaxt azad olcağınızı deyərdim.” Sonra isə həmin əcəm şəxsə buyurdu ki, qırağa çıxsın. O da qırağa çıxdı. Sonra o həzrət buyurdu: “O, sizin danışdıqlarınız barədə xəlifə üçün mə’lumat toplayıb onu kağıza yazaraq paltarlarının arasında gizlətmişdir.” Orada olanlardan biri onun paltarlarını axtarıb yazdığı mə’lumatı tapdı. Bizim haqqımızda çox əhəmiyyətli, eyni zamanda təhlükəli mə’lumatlar yazmışdı.”4 Bu hadisədən belə başa düşülür ki, Abbasilər İmama və şiələrə nəzarət etmək məqsədilə hətta zindanda da onların üstündə gizli nəzarətçi saxlayırmışlar. 2) İmam Həsən Əskəri(ə)-ın Əhməd ibn İshaq adlı bir səhabəsi deyir: “İmam Həsən Əskəri(ə)-ın hüzuruna gedib ondan bir şey yazmasını istədim və dedim ki, sizin xəttinizi görmək istəyirəm, qoy bir məktub gəldikdə xəttinizi tanıyım (və düşmən sizin adınızdan məktub yaza bilməsin). O həzrət buyurdu: “Mənim xəttim (bir məktubda) bə’zi hissələrdə incə qələmlə, bə’zi hissələrdə isə enli qələmlə yazılmışdır. Əgər bir məktubda bu cür xətt fərqi görsən, qorxma (mənim məktubumdur)...”1 3) İmamın səhabələrindən biri deyir: “Biz bir neçə nəfər Samirra şəhərinə getdik. Gözləyirdik ki, imam Həsən Əskəri(ə) evdən çıxsın və biz onu küçədə görək. Bu vaxt o həzrətdən bizə bu məzmunda bir məktub yetişdi: “Heç biriniz mənə salam verməyin, heç biriniz mənə tərəf yaxınlaşmayın. Çünki bu, sizin canınız üçün təhlükəyə səbəb olar.”2 4) Əbdüləziz Bəlxi deyir: “Bir gün qoyun bazarına tərəf gedən küçədə oturmuşdum. Birdən şəhər darvazasına gedən imam Həsən Əskəri(ə)-ı gördüm. Ürəyimdə dedim yaxşı olar ki, qışqırım camaat, bu, Allahın hüccətidir, onu tanıyın. Ancaq fikirləşdim ki, onda məni öldürərlər. O həzrət mənə yaxınlaşarkən mən ona baxdıqda barmağını ağzına tutub mənə işarə etdi ki, sakit olum. Mən tez ona tərəf gedib əl-ayağını öpməyə başladım. O, mənə buyurdu: “Ehtiyatlı ol, əgər bu sirri faş etsən, həlak olarsan.” Həmin gün axşam İmamın hüzuruna getdim. O həzrət mənə buyurdu ki, gərək sirri saxlayasınız, yoxsa öldürülərsiniz. Özünüzü həlak etməyin.”3 5)İmam Həsən Əskəri(ə)-ın dövründə Ələvilərdən biri işləmək məqsədilə Samirradan çıxıb Cəbəl (İranın Qərb hissəsindəki dağlardan Həmədan və Qəzvinədək olan ərazi) şəhərlərindən birinə gedir. İmamın dostlarından olan hələvanlı bir şəxs onunla rastlaşıb soruşur: Haradan gəlmisən? – Samirradan. – Filan məhəllə və küçəni tanıyırsan? – Bəli. – İmam Həsən Əskəri(ə)-dan xəbərin varmı? – Xeyr. – Bura nə üçün gəlmisən? – İşləmək üçün. – Mənim əlli dinar pulum var, onu götür birlikdə Samirraya gedək. Məni orada imam Həsən Əskəri(ə)-ın evinə apar. Ələvi şəxs qəbul edib onu İmamın evinə aparır...1 Bu hadisədən mə’lum olur ki, hökumətin ciddi tə’qibi nəticəsində imam Həsən Əskəri(ə)-ın yanına getmək həddən artıq çətin olmuşdur. Bundan əlavə Hələvandan olan kişinin Ələvi şəxsə onu imam Həsən Əskəri(ə)-ın evinə aparmasına görə bu məbləğdə pul verməsi o dövrdə İmamla görüşməyin nə qədər əhəmiyyətə malik olduğunu göstərir. Çünki o vaxt əlli dinar pul böyük məbləğ olmuşdur. Ona görə ki, bə’zi alimlər (tarixçilər) o vaxt bir dinarı bir dəvənin pulu (bir dəvəyə bərabər) hesab etmişlər.2 Deməli, o vaxtın əlli dinarı dəyər baxımından indiki dövrdə əlli dəvənin qiymətinə bərabər olmuşdur.

|