Bizim kitablar:






 


İMAM MƏHDİ(Ə)-IN HƏYATI

İmam Məhdi(ə)-ın həyatı barədə qısa mə’lumat
On ikinci mə’sum imam həzrət Məhdi ibn Həsən Əskəri(ə) hicrətin iki yüz əlli beşinci ili şə’ban ayının on beşində Samirra şəhərində anadan olmuşdur.1
Onun adı İslam Peyğəmbərinin adından, yə’ni, M.Ü.H.Ə.M.M.Ə.D, künyəsi də Peyğəmbərin künyəsindən-Əbülqasimdir.2 Mə’sum imamlar onun əsl adının çəkilməsini qadağan etmişlər.3 Onun ləqəblərindən Hüccət, Qaim, Xələfisaleh, Sahib əz-zaman4 və Bəqiyyətullahı5 qeyd etmək olar. Ən məşhur ləqəbi isə Məhdidir.6 Atası on birinci imam həzrət Həsən Əskəri(ə), anası isə çox hörmətli Nərcis7 (Nərgiz) xanım olmuşdur. Anası Reyhanə, Süsən və Səqil adları ilə də tanınmışdır.8 Nərcis xanımın fəzilət və mə’nəviyyəti o dərəcədə çox olmuşdur ki, özü imamət ailəsinin fəzilətli qadınlarından biri olan imam Əli ən-Nəqi(ə)-ın bacısı Həkimə xanım onu (Nərcisi) öz nəslinin ən fəzilətli xanımı, özünü isə onun xadiməsi adlandırmışdır.9
Həzrət Məhdi(ə) iki dəfə qeybə çəkilmişdir. Bunlardan biri qısamüddətli (kiçik qeyb dövrü), digəri isə uzunmüddətli (böyük qeyb dövrü) olmuşdur. Kiçik qeyb dövrü o həzrətin anadan olduğu gündən10 xüsusi naiblərin sona çatdığı dövrə qədər davam etmiş, böyük qeyb dövrü isə birinci mərhələnin (yə’ni, kiçik qeyb dövrünün) qurtarması ilə başlamış, o həzrət zühur edənə qədər davam edəcəkdir.1

Həzrət Məhdi(ə)-ın təvəllüdü sünni
alimlərinin nəzərində
Həzrət Məhdi(ə)-a inanmaq təkcə şiə məzhəbinə xas olan bir məsələ deyil. (Bu barədə növbəti səhifələrdə ətraflı söhbət edəcəyik.) Peyğəmbər(s)-dən yetişmiş hədislərə əsaslanaraq sünni məzhəbi də bu məsələyə inanır. Lakin şiələrdən fərqli olaraq onlar deyirlər ki, İslam peyğəmbərinin həmin şəxsin qeybə çəkildikdən sonra zühur edəcəyi barədə mə’lumat verdiyi Məhdi hələ dünyaya gəlməmiş və yalnız bundan sonra dünyaya gələcəkdir.2 Buna baxmayaraq sünni məzhəbinin bir çox tarixçi və hədisyazarları o həzrətin təvəllüdünü öz kitablarında qeyd edərək onu bir həqiqət kimi qəbul etmişlər. Təhqiqçilərdən bə’ziləri onların yüzdən çoxunun adını qeyd etmişdir.3

Həzrət Məhdi(ə) ilə görüş
İmam Həsən Əskəri(ə)-ın həyatından danışarkən geniş mə’lumat verdiyimiz kimi, zalım Abbasi hökuməti o həzrətin (imam Əskəri(ə)-ın) oğlunu ələ keçirib öldürmək məqsədilə imam Əskəri(ə)-ın evini ciddi nəzarət altında saxladığından imam Məhdi(ə)-ın anadan olması imam Həsən Əskəri(ə)-ın qabaqcadan hazırladığı dəqiq və ölçülmüş plan əsasında çox gizli şəkildə və camaatın (hətta şiələrin) gözündən uzaq bir şəraitdə baş vermişdir. Bu barədə ən mö’təbər xəbəri o həzrətin anadan olmasının yaxından şahidi olmuş imam Həsən Əskəri(ə)-ın bibisi Həkimə xanım vermişdir. Qeyd etmək lazımdır ki, o həzrətin gizli şəkildə anadan olması bu demək deyil ki, sonralar, yə’ni, imam Həsən Əskəri(ə)-ın sağ olduğu müddətdə həzrət Məhdi(ə)-ı beş-altı yaşına qədər heç kəs görməmişdir. Xeyr, şiələrdən xüsusi adamlar müxtəlif vaxtlarda və müxtəlif münasibətlərlə o həzrəti görməyə nail olmuş, beləliklə də onun anadan olmasına yəqinlik edir, lazım gəldikdə başqa şiələrə də bu haqda mə’lumat verirdilər. (Necə ki, bu görüşlərdən birini imam Həsən Əskəri(ə)-ın həyatından danışarkən qeyd etmişdik.) Alimlər bu görüşlər barədə geniş şəkildə açıqlamalar vermiş,1 lakin bunların içərisində ən əsası çox güman ki, imam Həsən Əskəri(ə)-ın qırx səhabəsinin o həzrətlə görüşü olmuşdur. Bu görüş aşağıdakı şəkildə baş vermişdir.
Həsən ibn Əyyub ibn Nuh2 deyir: “İmam Həsən Əskəri(ə)-dan sonrakı imamın kim olacağı barədə soruşmaq üçün o həzrətin yanına getdik. Orada qırx nəfər idik. (Sonradan imam Məhdi(ə)-ın xüsusi vəkillərindən biri olmuş) Osman ibn Səid Əmri ayağa qalxıb dedi: “Sizin məndən daha yaxşı bildiyiniz bir məsələ barədə soruşmaq istəyirəm.” İmam Həsən Əskəri(ə) Osmana “əyləşin” -deyə cavab verdi. Osman narahat halda məclisdən çıxmaq istədi. İmam buyurdu: “Heç kim durub getməsin.” Buna görə də kimsə qırağa çıxmadı. Bir qədər keçdikdən sonra imam Əskəri(ə) Osmanı dilləndirdi. O ayağa qalxdı. İmam ona buyurdu: “İstəyirsiniz bura nə üçün gəldiyinizi deyim?” Hamı “buyurun” -deyə cavab verdi. İmam buyurdu: “Bura məndən sonra kimin imam olacağı barədə soruşmaq üçün gəlmisiniz.” Hamı “bəli” dedi. Bu vaxt ay kim işıqlı (nurani), imam Həsən(ə)-a oxşayan bir oğlan (uşağı) içəri daxil oldu. İmam Həsən Əskəri(ə) ona işarə edərək buyurdu: “Bu, məndən sonra sizin imamınız, mənim sizin aranızdakı canişinimdir. Onun əmrinə tabe olun və məndən sonra ixtilaf yaratmayın. Yoxsa özünüz həlak, dininiz isə məhv olub gedər...”3

Həzrət Məhdi(ə)-ın qeybə çəkilməsinin
siyasi-ictimai səbəbləri
İmamların camaatı düz yola yönəltməkdə məqsədləri onları kamalın son həddinə çatdırmaq olmasında şübhə yoxdur. Bu isə o vaxt həyata keçər ki, camaat bu yönəltmədən istifadə etməyi bacarsın. Əgər camaatda belə bir hazırlıq olmasa, onda Allah tərəfindən tə’yin edlilmiş rəhbərin camaat arasında olmasının heç bir xeyri olmayacaq. Təəssüflər olsun ki, imamların, xüsusən də imam Cavad(ə)-dan sonrakı imamların dövründəki təzyiqlər və son dərəcə məhdudiyyətlər göstərir ki, cəmiyyətin imamların rəhbərliyindən istədikləri kimi istifadə etməsi üçün lazımi şərait olmamışdır. (Belə ki, bu təzyiqlər nəticəsində on birinci və on ikinci imamın fəaliyyəti ən aşağı səviyyəyə çatmışdı.) Bu göstərir ki, imamların cəmiyyətdə rəhbərlik və hidayətindən istifadə etmək üçün əlverişli şarait yox idi. Buna görə də cəmiyyət lazımi hazırlığı tapana qədər Allah-taala on ikinci imamın qeybə çəkilməsini məsləhət bilmişdir. (Bu barədə irəlidə söhbət edəcəyik.) Əlbəttə on ikinci imamın qeybə çəkilməsinin bütün sirləri bizə mə’lum deyil, ancaq dediyimiz amil o həzrətin qeybə çəkilməsinin əsas səbəbi ola bilər. İslami rəvayətlərdə on ikinci imamın qeybə çəkilməsinin səbəbləri sahəsində üç məsələ əsas götürülür:

1– İnsanları sınama
Bildiyimiz kimi Allahın sabit adət-ən’ənələrindən biri də bəndələri imtahana çəkib pak və təmiz insanları seçməkdir. Həyat daima imtahan və sınaq səhnəsi olmuş, bəndələr bu yolla öz iman və səbrləri sayəsində və özlərini Allahın əmrlərinə təslim etmək nəticəsində tərbiyə olunaraq kamala yetişməli və onların gizli iste’dadları çiçəklənməlidir. Həzrət Məhdi(ə) qeybdə olduğu müddətdə insanlar sınağa çəkilir. İman və əqidəsi möhkəm olmayan şəxslərin iç üzü aşkar olaraq şəkkə düçar olur, lakin iman və əqidəsi qanına işləmiş şəxslər o həzrətin zühurunu gözləmək və çətinliklərə sinə gərmək nəticəsində əqidələri daha da möhkəmlənir və Allahın daha böyük mükafatlarına layiq görünürlər. İmam Museyi-Kazim(ə) buyurmuşdur: “Beşinci oğlum qeybə çəkildikdə dininizi qoruyun, muğayat olun kimsə sizi yolunuzdan çıxarmasın. O, istər-istəməz (məcburiyyət qarşısında) qeybə çəkiləcək. Onda bə’zi mö’minlər öz əqidələrindən dönəcəklər. Allah-taala onu qeybə çəkməklə Öz bəndələrini sınağa çəkir...”1 İslam rəhbərlərinin sözlərindən belə başa düşülür ki, Allahın imam Məhdi(ə)-ı qeybə çəkməklə bəndələri sınağa çəkməsi Allahın ən çətin sınaqlarından biridir.2 Bu çətinlik isə iki cəhətə görədir:
1) Qeyb dövrünün özünə görə, yə’ni, qeyb dövrü həddən artıq uzun çəkəcəyindən insanların çoxu buna şəkk edəcək. Bə’ziləri ümumiyyətlə imam Məhdi(ə)-ın doğulmasında (dünyaya gəlməsində), bə’ziləri isə o həzrətin ömrünün uzanmasında şəkk edəcək. O həzrətin imamətinə sınaqdan çıxmış və əqidəsi möhkəm olan şəxslərdən başqa heç kəs inanmayacaq. Peyğəmbər(s) buyurduğu geniş bir hədisdə söyləmişdir: “Məhdi(ə) şiə və ardıcıllarının gözündən itəcək, Allah-taala qəlblərini iman üçün ləyaqətli etmiş şəxslərdən başqa heç kəs onun imamətinə olan əqidəsini qoruyub saxlaya bilməyəcək.”1
2) İmam Məhdi(ə)-ın qeybdə olduğu müddət ərzində baş vermiş və verəcək çətinliklər, təzyiqlər və gözlənilməz hadisələrə görə. Yə’ni, inam və əqidəni qorumaq, dində sabit qalmaq çətin bir işə çevriləcək və insanların imanı bir sıra çətinliklərlə, təhlükələrlə üzləşəcək.2

2– İmamın canını qorumaq
Allah-taala on ikinci imamı qeybə çəkməklə onu ölümdən qurtarmışdır. Çünki əgər o həzrət ömrünün ilk günlərindən camaatın arasında olsaydı onu mütləq öldürərdilər. (Bu barədə kifayət qədər söhbət etmişik). Deməli, o həzrət münasib vaxtdan qabaq da zühur etsə, yenə həyatı təhlükədə olar, nəticədə öz İlahi vəzifələrini yerinə yetirməyə, cəmiyyəti islah etmək sahəsindəki ali məqsədlərini icra etməyə nail olmaz. İmam Sadiq(ə)-ın səhabələrindən olmuş Zürarə deyir: “İmam Sadiq(ə) buyurdu: “Gözlənilən imam qiyam etməzdən qabaq bir müddət gözlərdən itəcək.” Soruşdum ki, nəyə görə? Buyurdu: “Çünki canı təhlükədə olacaq.3””

3– Zəmanə zalımları ilə bey’ət etmək
zülmündən qurtarmaq
On ikinci imam heç bir rejimi, hətta təqiyyə4 üzündən də olsun belə rəsmi tanımamış və tanımır. O, heç bir hakimin hökumətini qəbul etmək məcburiyyətində olmayıb və olmayacaq. O, öz vəzifəsinə uyğun olaraq rəftar edir, Allahın dinini mükəmməl şəkildə, çəkinmədən və heç bir bəhanəni qəbul etmədən icra edir. Belə olduqda isə kiminləsə bey’ət etməyə lüzum qalmır. Həsən ibn Fəzzal deyir: “İmam Riza(ə) buyurdu: “Sanki üçüncü oğlumun (imam Həsən Əskəri(ə)-ın) ölümündən sonra öz imamını axtaran, lakin onu tapa bilməyən şiələrimi görürəm.” Mən dedim: “Nə üçün o, gözlərdən itəcək?” İmam cavab verdi: “Ona görə ki, əlində qılınc qiyam edəcəyi zaman heç kəsə tabe olmasın.”1

Kiçik qeyb dövrü, böyük qeyb dövrü
(İmam Məhdi(ə)-ın qeybə çəkilməsinin birinci və ikinci mərhələləri)
Qeyd etdiyimiz kimi imam Məhdi(ə)-ın qeyb dövrü iki hissəyə bölünür: Kiçik qeyb dövrü və böyük qeyb dövrü. Kiçik qeyb dövrü (qısamüddətli qeyb) (imam Həsən Əskəri(ə)-ın şəhadətindən) hicrətin iki yüz altımışıncı ilindən başlayaraq üç yüz iyirmi doqquzuncu ilinə qədər (dördüncü xüsusi naibin vəfatına qədər) davam etmişdir. Bu müddət təxminən altımış doqquz il çəkmişdir.2 Kiçik qeyb dövründə şiələrin əlaqəsi İmamla tamamilə kəsilməmiş, onlar xüsusi şəkildə və çox məhdud şəkildə İmamla əlaqə saxlayırdılar. Bu müddət ərzində müəyyən şəxslər o həzrətin xüsusi vəkili olmuş, şiələr də onların vasitəsilə öz məsələ və müşkülatını İmamın hüzuruna çatdırıb cavab alırdılar. Bə’zi vaxtlar İmamla görüşə də bilirdilər. Buna görə deyə bilərik ki, imam Məhdi(ə) bu müddət ərzində həm qeybdə, həm də aşkarda olmuşdur. (Əlbəttə əgər belə demək mümkünsə).
Kiçik qeyb dövrünü şiələrin böyük qeyb dövrünə hazırlamaq mərhələsi adlandırmaq olar. Çünki sonrakı mərhələdə şiələrin İmamla əvvəldə olan azacıq əlaqələri də kəsilir, şiələr öz məsələlərində o həzrətin ümumi vəkillərinə, yə’ni, müctehidlik səlahiyyəti olan və İslam hökmlərinə dərindən bələd olan alimlərə müraciət etməli olurlar. Böyük qeyb dövrü birdən-birə başlasaydı fikirlərin çaşqınlığına səbəb olar və zehinlər onu qəbul edə bilməzdi. Ancaq əvvəlki imamların qeyb dövrünə zəmin yaratmaları üçün ağıllı tədbirlərindən əlavə kiçik qeyb dövrünün özü də yavaş-yavaş zehinləri hazırlayır, bunun ardından da böyük qeyb dövrü başlayır. Həmçinin kiçik qeyb dövründə xüsusi vəkillərin o həzrətlə əlaqədə olması və eləcə də bə’zi şiələrin bu müddət ərzində o həzrəti görməyə nail olması imam Məhdi(ə)-ın doğulmasını və hal-hazırda da yaşaması məsələsini daha da təsdiqlədi.1
İmam Məhdi(ə)-ın qeybə çəkilməsinin birinci mərhələsi başa çatdıqdan sonra uzunmüddətli və böyük qeyb dövrü başlamış, bu mərhələ indiyədək davam edir və bundan sonra da Allah-taala o həzrətə qiyam etmək üçün zühur-üzə çıxma icazəsi verənə qədər davam edəcək. On ikinci imamın qeybə çəkilməsinin hər iki mərhələsi ondan əvvəlki imamlar tərəfindən qabaqcadan xəbər verilmiş və elə həmin dövrdən də ravi və hədisyazarlar tərəfindən öyrənilərək hədis kitablarında qeyd edilmişdir. İndi isə nümunə üçün bir neçə hədisə nəzər yetirək:
1) Əmirəl-mö’minin həzrət Əli(ə) buyurmuşdur: “Bizim qeybə çəkiləcək (imamımızın) iki qeyb dövrü olacaq. Onlardan biri digərindən daha çox olacaq. Onun qeybdə olduğu müddət ərzində onun imamətinə yalnız imanı möhkəm və mə’rifəti kamil olan şəxslər inanacaq.”2
2) İmam Baqir(ə) buyurmuşdur: “Qeybə çəkiləcək (imamın) iki qeyb dövrü olacaq. Bu iki dövrün birində deyəcəklər ki, o ölüb...”3
3) Əbu Bəsir deyir: “İmam Sadiq(ə)-a dedim: “İmam Baqir(ə) buyurmuşdur ki, Mühəmməd(s) nəslinin (qeybə çəkildikdən sonra) qiyam edəcəyi şəxsin iki qeyb dövrü olacaq ki, bunlardan da biri digərindən daha (çox) uzun sürəcək. İmam Sadiq(ə) buyurdu ki, bəli, belədir...”4
4) İmam Sadiq(ə) buyurmuşdur: “Qiyam edəcək imamın iki qeyb dövrü olacaq: Biri qısamüddətli, digəri isə uzunmüddətli...”5
Tarix qabaqcadan deyilmiş bu xəbərləri təsdiqlədi və əvvəlki imamların buyurduğu kimi imam Məhdi(ə) barədə deyilmiş hər iki qeyb dövrü həqiqətə çevrildi.