Bizim kitablar:






 


İMAM MƏHDİ(Ə)-IN HƏYATI

İmam Məhdi(ə)-ın xüsusi nümayəndələri
Həzrət Məhdi(ə)-ın kiçik qeybdə olduğu müddət ərzində qabaqkı imamların sabiqəli səhabələrindən və şiələrin böyük və təqvalı alimlərindən dördü o həzrətin xüsusi nümayəndəsi olmuşdur. Onlar öz dövrlərinə görə aşağıdakı tərtiblə nümayəndəlik etmişlər:
1– Əbu Əmr Osman ibn Səid Əmri.
2– Əbu Cə’fər Məhəmməd ibn Osman ibn Səid Əmri.
3– Əbülqasim Hüseyn ibn Ruh Nobəxti.
4– Əbülhəsən Əli ibn Məhəmməd Səməri.
Həzrət Məhdi(ə)-ın müxtəlif yerlərdə, o cümlədən Bağdad, Kufə, Əhvaz, Həmədan, Qum, Rey, Azərbaycan, Neyşabur və s. başqa vəkilləri olmuşdur, lakin onlar ya vəkillər silsiləsinin başında duran bu dörd nəfərin vasitəsilə camaatın (şiələrin) məsələlərini imama çatdırır1 və eləcə də onların həllinə dair İmamdan məktublar alırdılar,2 ya da (bə’zi təhqiqçilərin verdiyi ehtimala görə) bu dörd nəfərin nümayəndəliyi ümumi və hərətərəfli olmuş, başqaları isə müəyyən məsələlər üzrə nümayəndəlik etmişlər.3 Bu nümayəndələrdən aşağıdakıları misal göstərmək olar: Məhəmməd ibn Cə’fər Əsədi, Əhməd ibn İshaq Əş’əri Qummi, İbrahim ibn Məhəmməd Həmədani, Əhməd ibn Həmzə ibn əl-Yəsə4, Məhəmməd ibn İbrahim ibn Məhziyar,5 Haciz ibn Yezid, Məhəmməd ibn Saleh,6 Əbu Haşim Davud ibn Qasim Cə’fəri, Məhəmməd ibn Əli ibn Bilal, Ömər Əhvazi, Əbu Məhəmməd və Cinai.7

1– Əbu Əmr Osman ibn Səid Əmri
Osman ibn Səid Bəni-Əsəd qəbiləsindən olmuş, Samirra şəhərində yaşadığı üçün Əskəri də adlandırılmışdır. Şiələr onu Səmman (yağsatan) deyə çağırırdılar. O, siyasi fəaliyyətinin üzə çıxmaması məqsədilə yağ satmaqla məşğul olur, şiələrin İmama çatdırmaq istədiyi malları onlardan alaraq yağ qablarına qoyub imam Həsən Əskəri(ə)-a çatdırırdı.1 O, e’timadını necə lazımdısa doğrultmuş, şiələr hamı ona inanırdı.2 Qeyd etmək lazımdır ki, Osman ibn Səid elə imam Əli ən-Nəqi(ə) və imam Həsən Əskəri(ə)-ın da nümayəndə və yaxın dostlarından olmuşdur. Özü şiə başçılarından olan Əhməd ibn İshaq deyir: “Bir gün imam Əli ən-Nəqi(ə)-ın yanına gedib dedim: “Mən bə’zi vaxtlar burada oluram, bə’zi vaxtlar isə olmuram, burada olanda da həmişə sizin yanınıza gələ bilmirəm. Kimin sözünü qəbul edim, kimə qulaq asım?” İmam buyurdu: “Bu Əbu Əmr (Osman ibn Səid Əmri) inanılmış və e’tibar etdiyim bir şəxsdir. O, sizə nə desə, bilin ki, mənim tərəfimdən çatdırır.” Sonra Əhməd ibn İshaq əlavə edib deyir: “İmam Əli ən-Nəqi(ə)-ın vəfatından sonra imam Həsən Əskəri(ə)-ın yanına gedib həmin sualı təkrar etdim. O da atası kimi buyurdu: “Bu Əbu Əmr məndən əvvəlki imamın e’tibar etdiyi, eləcə də mənim həm həyatımda, həm də öldükdən sonra inandığım bir şəxsdir. O, sizə nə desə, bilin ki, mənim tərəfimdən demiş, sizə nə çatdırsa, bilin ki, mənim tərəfimdən çatdırmışdır.”3
İmam Həsən Əskəri(ə) vəfat etdikdə də zahirdə ona qüsul verib kəfənə tutaraq dəfn etmiş şəxs Osman ibn Səid olmuşdu.4 Həmçinin bir gün bir dəstə şiənin gözü qarşısında imam Həsən Əskəri(ə)-ın göstərişi ilə Yəmən şiələrinin göndərdiyi şər’i vergiləri təhvil alan şəxs Osman ibn Səid idi. İmam Əskəri(ə) şiələrin qarşısında öz hərəkəti ilə Osman ibn Səidə olan hörmət və e’tibarın nə dərəcədə böyük olmasını göstərərək buyurmuşdur: “Şahid olun ki, Osman ibn Səid mənim, oğlu Məhəmməd isə oğlum Məhdi(ə)-ın vəkili (naibi) olacaqdır.”5 Eyni zamanda qırx nəfər şiənin imam Həsən Əskəri(ə)-la görüşünün sonunda o həzrət onlara buyurdu: “Osman ibn Səid nə deyirsə, qəbul edin, onun əmrinə tabe olun, sözünə qulaq asın. O, sizin imamınızın nümayəndəsidir, ixtiyar sahibidir.”6
Osman ibn Səidin vəfat etdiyi tarix mə’lum deyil. Bə’ziləri ehtimal vermişlər ki, o, hicrətin iki yüz altımış- iki yüz altımış yeddinci illəri arasında vəfat etmişdir. Bə’ziləri isə onun vəfatını iki yüz səksəninci ildə qeyd edir.1

2– Məhəmməd ibn Osman ibn Səid Əmri
Məhəmməd ibn Osman da atası kimi şiə böyüklərindən olmuş, təqva, ədalət, ehtiram baxımından bütün şiələrin onu qəbul edib hörmət qoyduğu və imam Həsən Əskəri(ə)-ın e’tibar etdiyi yaxın dostlarından olmuşdur. İmam Əskəri(ə) Əhməd ibn İshaqın “kimə müraciət edək?” sualının cavabında buyurmuşdu: “Osman ibn Səid və oğlu Məhəmməd hər ikisi mənim e’tibar etdiyim şəxslərdir. Sənə nə çatdırsalar, bil ki, mənim tərəfimdən çatdırır, nə desələr, bil ki, mənim tərəfimdən deyirlər. Onların sözünə qulaq as və onlardan itaət et. Çünki onların ikisinə də mən e’tibar edirəm.2
Osman ibn Səid vəfat etdikdən sonra imam Məhdi(ə) tərəfindən ona başsağlığı verilərək özünün də nümayəndə tə’yin olunması haqqında bir məktub yetişir.3
Abdullah ibn Cə’fər Himyəri deyir: “Osman ibn Səid vəfat etdikdən sonra imam Məhdi(ə)-dan əvvəllər bizimlə məktublaşdığı xətlə yazılmış bir məktub gəlir. Məktubda Məhəmməd ibn Osman atasının yerinə naib tə’yin edilmişdi.”4 Həmçinin imam Məhdi(ə) İshaq ibn Yə’qubun suallarına cavab verdiyi məktubda belə yazmışdı: “Allah Məhəmməd ibn Osman və vəfat etmiş atasından razı olsun. O, mənim inandığım bir şəxsdir və onun yazdığı mənim yazdığımdır.”
Məhəmməd ibn Osman fiqh (müsəlman hüquqları) elmi sahəsində bir neçə əsər yazmış, o vəfat etdikdən sonra isə həmin əsərlər İmamın üçüncü naibi Hüseyn ibn Ruha (ya da dördüncü naib Əbülhəsən Səməriyə) çatmışdır.5
Məhəmməd ibn Osman təxminən qırx il imam Məhdi(ə)-ın nümayəndəsi olmuş, bu müddət ərzində müxtəlif məntəqələr üzrə tə’yin olunmuş nümayəndələrə başçılıq etmiş, onların işlərinə nəzarət etmiş və şiələrin işini səliqə-səhmana salmışdır. İmam Məhdi(ə)-dan ona çoxlu məktub yetişmiş, o isə həmin məktubları öz sahiblərinə (məktub yazıb cavabını gözləyən şəxslərə) çatdırmışdır. Nəhayət hicrətin üç yüz dörd, ya da üç yüz beşinci ilində vəfat etmişdir.1 O, ölümündən qabaq vəfat edəcəyi tarixi müəyyən etmiş və müəyyən etdiyi vaxtda da vəfat etmişdir.2

3– Əbülqasim Hüseyn ibn Ruh Nobəxti
Məhəmməd ibn Osmanın həyatının son günlərində bir dəstə şiə onun yanına gedir. O deyir: “Mən vəfat etdikdən sonra mənim yerimə İmamın nümayəndəsi Əbülqasim Hüseyn ibn Ruh Nobəxti olacaq. Bundan sonra ona müraciət edin və işlərinizdə ona e’tibar edin.”3
Hüseyn ibn Ruh ikinci naibin ən yaxın adamlarından olmuş və Məhəmməd ibn Osman (ikinci naib) özündən sonra onun naib olması üçün əvvəldən zəmin yaradır, şər’i vergiləri təhvil vermək üçün şiələrə ona müraciət etməyi göstəriş verirdi. O, Məhəmməd ibn Osman ibn Səidlə şiələr arasında bir vasitə idi.4 Hüseyn ibn Ruh şiə məzhəbinin əhkamına dair “Ət-Tə’dib” adlı bir kitab yazmışdı. Yazdığı bu kitaba öz münasibətlərini bildirmək məqsədilə onu Qum fəqihlərinə göndərir. Onlar bu kitabı nəzərdən keçirdikdən sonra ona məktub yazıb bildirirlər ki, bir məsələdən başqa bütün məsələlər şiə fiqhinə uyğundur.5 Hüseyn ibn Ruhla bir dövrdə yaşamış bə’zi şəxslər onun düşüncə və iste’dadını tə’rifləyərək demişlər: “İstər onunla müvafiq olan, istərsə də müxalif olan şəxslərin dediyinə əsasən Hüseyn ibn Ruh dünyanın ən ağıllı adamlarından biridir.”6
İmam Məhdi(ə)-ın üçüncü nümayəndəsi Hüseyn ibn Ruh Nobəxti Abbasi xəlifəsi Müqtədirin hakimiyyəti dövründə beş il həbsdə olmuş, üç yüz on yeddinci ildə azad edilmişdir.7 İyirmi bir il nümayəndəlikdən və sonra hicrətin üç yüz iyirmi altıncı ilində vəfat etmişdir.8


4– Əbülhəsən Əli ibn Məhəmməd Səməri
İmam Məhdi(ə)-ın göstərişinə1 və üçüncü nümayəndə Hüseyn ibn Ruh Nobəxtinin vəsiyyətinə əsasən ondan sonra Əli ibn Məhəmməd Səməri İmamın xüsusi nümayəndəsi tə’yin olunaraq şiələrin başçısı seçilir.2 Səməri imam Həsən Əskəri(ə)-ın səhabələrindən olmuşdur.3 O, vəfat etdiyi üç yüz iyirmi doqquzuncu ilə qədər imam Məhdi(ə)-ın xüsusi nümayəndəsi vəzifəsində çalışmışdır. Hüseyn ibn Ruh vəfat etməzdən bir neçə gün əvvəl imam Məhdi(ə)-dan aşağıdakı məzmunda ona bir məktub gəlir: “Bismillahir-rəhmanir-rəhim. Ey Əli ibn Məhəmməd Səməri! Allah-taala sənin vəfatından mö’min qardaşlarına əcr əta etsin. Sən altı gündən sonra vəfat edəcəksən. İşlərini səliqə-səhmana sal və heç kəsi öz yerinə canişin tə’yin etmə. Böyük qeyb dövrü çatıb və mən bir də Allahın icazə verdiyi vaxt zühur edəcəyəm. Mənim zühurum uzun müddət keçdikdən, qəlblər sərtləşdikdən, yer üzündə zülm və haqsızlıq baş alıb getdikdən sonra olacaq. Şiələrim arasında məni görmək (mənim xüsusi nümayəndəm olması) iddasını edənlər olacaq. Süfyaninin qiyamından və göy sədasının eşidilməsindən4 qabaq kim belə iddia edərsə, bilin ki, o, yalançıdır və dedikləri iftiradır (böhtandır). Allahdan başqa heç bir qüdrət və qüvvə yoxdur.”5
Məktub gəldikdən düz altı gün sonra Əbülhəsən Səməri vəfat edir.6 Vəfat etməzdən qabaq ondan soruşurlar ki, səndən sonra İmamın nümayəndəsi kimdir? O isə cavab verir ki, mənim kimisə nümayəndə tə’yin etməyə icazəm yoxdur.7
Əbülhəsən Səmərinin vəfatından sonra şiə tarixində “böyük qeyb dövrü” adı ilə məşhur olmuş yeni bir mərhələ başlayır. Gələn səhifələrimizdəki bəhslər də məhz bu barədə olacaq.



İmam Məhdi(ə)-ın xüsusi nümayəndələrinin
əsas vəzifə və fəaliyyətləri
On ikinci imamın özü üçün nümayəndə və səfir tə’yin etməsi həqiqətdə vəkillik əlaqəsinin davamı idi. Bu əlaqə doqquzuncu imamın dövründə yaranmış, imam Əli ən-Nəqi(ə) və imam Həsən Əskəri(ə)-ın dövründə daha genişlənmiş, imam Məhdi(ə)-ın dövründə isə özünün son mərhələsinə çatmışdır. İmam Məhdi(ə)-ın xüsusi nümayəndəlirinin əsas vəzifə və fəaliyətlərini aşağıdakı mərhələlərdə konkretləşdirmək olar.

1– İmam Məhdi(ə)-ın adını və yerini gizli saxlamaq
Kiçik qeyb dövründə imam Məhdi(ə)-ın görünməsi xüsusi naiblər və bə’zi şiələr üçün mümkün olub arabir görünsə də1 bir sıra siyasi çətinliklər üzündən dörd naibin heç birinin öz dövründə o həzrətin adını çəkməyə və onun yerini bütün camaata bildirməyə ixtiyarı yox idi. Çünki əks təqdirdə İmam üçün hökumət tərəfindən təhlükə yaranardı. İmamın ad və yerinin gizli saxlanılması siyasəti o həzrətin öz göstərişi əsasında icra olunurdu. Bir dəfə İmamdan bu barədə heç bir sual olunmadan aşağıdakı məzmunda ikinci nümayəndə Məhəmməd ibn Osmana bir məktub gəlməsi də bu məsələni təsdiqləyir: “(Mənim) adımı soruşanlar bilməlidirlər ki, sükut etsələr, onları Cənnət, danışsalar, Cəhənnəm gözləyir. Əgər onlar mənim adımı bilsələr, onu hamıya deyər, yerimi bilsələr hamıya göstərərlər.”2 Həmçinin ikisi də imamların ən yaxın səhabə və səmimi dostlarından olan Abdullah ibn Cə’fər Himyəri və Əhməd ibn İshaq Əş’əri bir gün (birinci nümayəndə) Osman ibn Səidlə görüşərkən ondan “imam Həsən Əskəri(ə)-ın canişinini görməsi” barədə soruşurlar. Osman ibn Səid müsbət cavab verir. Onun adını soruşduqda isə o, adı deməkdən imtina edib buyurur: “Bu barədə soruşmaq sizə haramdır. Özü də bunu mən demirəm. Çünki hansısa halal şeyi haram, haramı isə halal etməyə mənim ixtiyarım yoxdur. Bunu (İmamın adını soruşmağın qadağan olmasını) onun özü buyurmuşdur. Çünki Abbasi hökuməti elə bilir ki, imam Həsən Əskəri(ə) vəfat etmiş, özündən sonra isə heç bir övladı qalmamışdır. Buna görə də onlar imam Əskəri(ə)-ın əmlakını heç onun vərəsəsi olmayanlar (Cə’fər Kəzzab və anası) arasında bölüşdürdülər. İmam bu məsələ barədə sükut və səbr ixtiyar etmişdir. İndi İmamın ailəsi ilə əlaqə saxlamağa, yaxud onlardan bir şey soruşmağa heç kəsin cür’əti yoxdur. Əgər İmamın adı bəlli olarsa, onda o, hökumət tərəfindən axtarışda olar. Çəkinin, çəkinin, Allahı yadınıza salın və bu cür məsələlərdən uzaq olun.”1
İmam Məhdi(ə)-ın üçüncü naibi Əbülqasim Hüseyn ibn Ruh Nobəxtinin dövründə şiələrin seçilmiş şəxslərindən olan Əbu Səhl Nobəxtidən soruşurlar ki, nəyə görə bu vəzifəyə (nümayəndəliyə) sən yox, Hüseyn ibn Ruh seçildi? O cavab verir ki, onu bu vəzifəyə tə’yin edənlərin özləri daha yaxşı bilirlər. Mənim işim ancaq müxalif və düşmənlərlə mübahisə və müzakirə etməkdir. Əgər mən də Hüseyn ibn Ruh kimi İmamın yerini bilsəydim, ola bilərdi ki, çətinliyə düşəndə onun yerini göstərəm. Ancaq İmam Əbülqasim Hüseyn ibn Ruhun əbasının altında gizlənsə, onu (Hüseyni) tikə-tikə doğrasalar da əbasını qaldırmaz.2

2– Vəkillərə (nümayəndələrə) rəhbərlik etmək
Qeyd etdiyimiz kimi imam Məhdi(ə)-ın qeyb dövründə müxtəlif yerlərdəki nümayəndələri şiə mərkəzlərində fəaliyyət göstərirdilər. Bu nümayəndələrin onuncu və on birinci imamın dövründə əsasən birinci (əsas) nümayəndənin vasitəsilə imamlarla əlaqə saxlamasına baxmayaraq onlar İmamın özü ilə də bilavasitə əlaqə saxlaya bilirdilər. Kiçik qeyb dövründə isə bu nümayəndələrin on ikinci imamla bilavasitə əlaqəsi tamamilə kəsilir, onlar da məcbur olub İmamın xüsusi nümayəndəsinin nəzarəti altında fəaliyyət göstərməli olurlar. Belə ki, onlar imam Məhdi(ə)-a çatacaq məktub, sual və şər’i vergiləri İmamın xüsusi nümayəndəsinin vasitəsilə ona çatdırırdılar. Bundan öncə də qeyd etdiyimiz kimi Əbu Cə’fər Məhəmməd ibn Osmanın nümayəndə olduğu müddət ərzində Bağdad şəhərində onun xüsusi nəzarəti altında on nəfər nümayəndə fəaliyyət göstərirdi.3
İmamın xüsusi nümayəndələri şər’i vergiləri təhvil aldıqda qəbz vermir, lakin şiələr digər nümayəndələrdən qəbz tələb edirdilər. Şeyx Tusinin qeyd etdiyinə görə (ikinci nümayəndə) Məhəmməd ibn Osmanın son günlərində onun göstərişi ilə bir nəfər İmama məxsus olan şər’i vergisini (üçüncü nümayəndə) Hüseyn ibn Ruha verib ondan qəbz tələb edirmiş. Hüseyn ibn Ruh onun bu hərəkətindən şikayətləndikdə Məhəmməd ibn Osman Hüseyndən qəbz tələb edilməməsi barədə əmr edərək buyurmuşdur: “Əbülqasimə nə verirsinizsə, (yəqin bilin ki,) mənə çatır (və bu barədə şəkk etməyə dəyməz.)”