Bizim kitablar:






 


HƏZRƏTİ-ZƏHRA(S.Ə) HƏYATI

Həzrəti-Zəhra(s.ə)-nın ərinə qarşı olan münasibəti.
Bu barədə təkcə bunu xatırlamaq kifayət edər ki, həzrəti-Zəhra(s.ə)-ya dəyən zərbə, vurulan töhmət, sümüyünün sınması, qırmancın qolunda iz salması kimi müxtəlif əzab və əziyyətlərə düçar olması böyük məhəbbət bəslədiyi əri Əli(ə.s)-yə görə olmuşdu. Bütün bu əzab və əziyyətlərə bu yolda şəhadətə yetişənə kimi dözdü. Ömrünün son anlarında Zəhra(s.ə)-nı ağlayan görən həzrəti-Əli(ə.s) ondan ağlamağının səbəbini soruşduqda xanım Fatimə(ə.s.): «Məndən sonra sənə üz verəcək müsibətlərə görə ağlayıram»,-deyə cavab verdikdə İmam Əli(ə.s) buyurmuşdu: «Ağlama, Allaha and olsun ki, bu müsibətlər mənə Allah yolunda üz verdiyinə görə asan və kiçik görünür».
Şeyx Müfid(r.ə) «İrşad» adlı kitabında yazır:
«Peyğəmbər(s) hicrətin 8-ci ilində baş vermiş Zatüssəlasil döyüşündə həzrəti-Əli(ə.s)-ni düşməni məhv etmək üçün Yabis adlı qumlu səhraya göndərmişdi. Belə nəql edirlər ki, həzrəti-Əli(ə.s)-nin xüsusi bir yaylığı varmış ki, onu böyük və çətin döyüşlərə gedəndə başına bağlayarmış. Bu döyüşə gedəndə də Fatimə(s.ə)-nin yanına gəlib həmin yaylığı istəyəndə xanım Fatimə(s.ə) Həzrətdən sual edib soruşdu: «Hara gedirsən? Atam səni hara göndərir?» O zaman həzrəti-Əli(ə.s) buyurmuşdu: «Qumlu səhraya gedirəm».
Həzrəti-Zəhra(s.ə)-nın övladına olan məhəbbəti.
Bu barədə məncə, Şeyx Səduqun Həmmad və İmam Sadiq(ə.s)-dən nəql etdiyi rəvayətini xatırlatsaq, kifayət edər.
İmam Sadiq(ə.s) buyurmuşdur ki, iki seyyidə xanımla bir zamanda evlənmək olmaz. Əgər bu xəbər həzrəti-Zəhra(s.ə)-ya çatsa, ona ağır gəlib qəlbinə toxunar.
Həmmad soruşdu: «Məgər bu, həzrəti-Zəhra(s.ə)-ya yetişirmi?»
İmam Sadiq (ə) buyurdu: «Bəli, And olsun Allaha ki, bu xəbər xanım Zəhra(s.ə)-ya yetişir».
Yeddinci əsrin məşhur şairlərindən biri olan İbn Üneynin yuxusu.
«Ümdətüt Talib» adlı kitabda nəsəbşünas3 alimlər arasında məşhur olan Bəni Davud ibn Musa Əlhəsəninin əhvalatlarında qəribə bir rəvayət vardır ki, çox etibarlı mənbəyə əsaslanır. Bu rəvayət İbn Üneynin divanında da yer almışdır.
İbn Üneyn bir dəfə Məkkəyə yola düşdüyü zaman özü ilə çoxlu qiymətli əşyalar da götürmüşdü. Qəflətən yolda Bəni-Davud nəslindən olan seyyidlərdən bəzisi onu tutub bütün mal-dövlətini əlindən alır, hətta əynindəki paltarlarını da çıxararaq özünü möhkəm döyür, döydükdən sonra onu orada qoyub tez gözdən itirlər.
İbn Üneyn Yəmən Sultanı olan Əziz ibn Əyyuba şikayət məktubu yazaraq ondan yardım istəyir. Həmin vaxtda da Yəmən hökmdarının qardaşı Məlik Nasir də qardaşından dəniz kənarında bir müddət qalması üçün icazə istəmişdi.
İbn Üneyn öz naməsində qəsidə ilə hökmdarı onu qarət edən seyyidlərdən intiqam almağa təhrik edirdi. Həmin qəsidənin ilk bəndlərinin məzmunu təqribən belədir:
«Sənin yaxşılıq və səxavətin fəsahət və bəlağət alimlərini onları bəyan etməkdə aciz qoyubdur. Sən yaxşılıq və səxavətdə elə bir dərəcəyə yetişmisən ki, yaxşılar və xeyirxahlar sərhəddindən çox-çox yuxarılara qalxmısan. «Mən xaçpərəst müstəmləkəçilərin əsarəti altında olan sahili fəth etmişəm»,-deyib çox da öyünmə. Çünki bu əsarət altında olmuş sahillə Ədən arasında çox böyük fərq vardır (sahil hara, Ədən hara?). Sən əgər cihad etmək istəyirsənsə, qılıncını Allahın vacibat və sünnəsini tapdayan tayfaya qarşı çək. Öz qılıncınla Allah evini (Məkkəni) murdar və Bəni-Davud tayfası kimi alçaq qəbilələrdən təmizlə. Demə ki, onlar Fatimə(s.ə)-nin övladlarıdır və onlarla döyüşmürəm. Çünki bu oğru və quldur seyyidlər Əbu Süfyan ailəsi ilə əlaqə yaratsalar, İmam Həsən(ə.s)-i öldürmək üçün belə əlbir olarlar.»
Elə ki İbn Üneyn bu qəsidəni yazıb, Yəmən hökmdarına göndərdi, yuxuda görıdü ki, Kəbənin kənarındadır. Həzrəti-Fatimə(s.ə) də ordadır və Kəbəni təvaf edir, yəni Kəbə ətrafına dövrə vurur. Qabağa gəlib salam verdi. Lakin həzrəti Fatimə(s.ə) onun cavabını almadı. Ağlayıb acizanə o Həzrətə ərz etdi ki, mənim günahım nədir ki, salamımı almadın? Həzrəti-Zəhra(s.ə) ibn Üneynə şerlə cavab verdi. Həmin şerin məzmunu təqribən belədir:
«Fatimə(s.ə)-nin bütün övladlarının alçaq və ləyaqətsiz olması qeyri-mümkündür. Lakin ruzigar məkr, hiylə ilə bizə zülm və pislik etdi. Əgər övladlarımdan biri ləyaqətsizlik edərsə, sən qəsdən onların hamısına nalayiq sözlər deməməlisən. Get, öz əməlindən tövbə et. Çünki hər kim bizə pislik edib sonra qayıdıb tövbə etsə, Allah-təala onu bağışlayar. Babaları həzrəti-Mustafa(s)-nın xatirinə onları əzizlə. Onun ailəsindən olan şəxsi incidib təhqir etmə. Həzrəti-Rəsul(s)-un ailəsindən sənə hər nə yetişsə, qiyamət günü onun mükafatını bizimlə görüşəndə alacaqsan».
İbn Üneyn deyir ki, bu halda ağlaya-ağlaya vahimə içində yuxudan ayıldım, başa düşdüm ki, həzrəti-Siddiqeyi-Tahirə(s.ə)-nin bərəkəti sayəsində bədənimin bütün yaraları sağalmışdır. Dərhal tövbə etdim. Dediyim sözlərdən peşman oldum. Sonra üzrxahlıq əvəzi olaraq bu şeri yazdım. Şerin məzmunu belədir:
«Bəşəri haqqa hidayət etmək üçün gəlmiş Peyğəmbər(s)-in qızının hüzurunda üzr istəyirəm ki, cinayət edən günahkarın günahından keçsin. Öz dediklərimi geri götürərək danışdığım sözlərdən tövbə edirəm. Bundan sonra Allaha and olsun ki, əgər onlardan biri (Fatimə(s.ə.)-nin övladlarından) məni qılıncla tikə-tikə doğrasa belə, onun bu hərəkətini nalayiq bilmərəm. Əksinə, bunu ləyaqətli bir əməl təki qəbul edərəm».
İkinci hissə
Həzrəti-Zəhra (s.ə)-nın fəzilətləri.
«Kisa» və «Mübahilə» əhlindən biri sayılan Fatimə(s.ə) ən çətin dövrdə Allah yolunda hicrət edən, şərəfinə «Təthir» ayəsi nazil olan şəxsiyyətlərdəndir. Cəbrayıl da onlarla birgə ağlamasına fəxr etmişdi. Allah-təala onların paklıq və doğruluğuna şəhadət vermişdir. O, İmamların anası olmaqla yanaşı, Peyğəmbər(s)-in nəslinin ondan doğulub qiyamətə kimi davam edəcək yadigarıdır. Bu nurlu vücud əvvəldən axıra hər iki dünya qadınlarının xanımıdır. O, sözündə və danışığında həzrəti-Mühəmməd(s)-ə ən çox oxşayan şəxs idi. Onun əxlaq və həyat tərzi Rəsuli-əkrəm(s)-in həyat tərzi və əxlaqını xatırladırdı. Yerişi sanki Peybəmbər(s)-in yerişi idi. O, həmişə atasının yanına gələndə Rəsuli-əkrəm(s) qızını mehribanlıqla qarşılayar, əlindən öpər, nə zaman behişt ətrini duymaq istəsə idi, onu iyləyər və buyurardı:
«Fatimə bədənimin parəsidir.Kim onu sevindirsə, məni sevindirib, kim ona pislik etsə, mənə pislik edibdir».
«Fatimə mənə hamıdan əzizdir».
Peygəmbər(s)-in Fatimə(s.ə)-yə olan sonsuz məhəbbətini ifadə etdirən «ya həbibətə əbiha»-kimi kəlamlarını misal göstərmək olar ki, bu da «ey atasının dostu və məhbubu» mənasındadır.
Təbəri Şiyi İmam Baqir(ə.s)-ə, İmam da öz Cəddinə əsaslanaraq Fatimə(s.ə)-nin dilindən belə nəql edir ki, bir gün Allahın Rəsulu(s) mənə belə xitab etdi:
«Ey atasının dostu və məhbubu! Hər bir məstedici haramdır və hər bir məstedici şərab sayılır».
Allah üçün dostluq.
Xatırladaq ki, Allaha daha yaxın olan insanlar öz övladlarını, yaxın qohum-əqrəba və dostlarını instinktiv olaraq sevməmişlər, əksinə, onlar hər cür nəfsani, eləcə də qeyri-insani hisslərdən uzaq olmuşlar. Belə şəxslərin məhəbbəti ixlas üzündən, habelə Allaha görə olmuşdur. Allahdan digərinə olan sevgiləri isə elə yenə də Allahın özünə qayıdır və Allaha xatir olur. Məhz buna görə də həzrəti-Yəqüb(ə.s) Yusif(ə.s)-i başqa övladlarından daha çox sevirdi. Nəticədə, Yəqub(ə.s)-un o biri övladları onun Yusif(ə.s)-i nə səbəbə belə çox sevdiyindən xəbərsiz olduqları üçün pis fikirlərə düşmüşdülər. Onu yolunu azmış kimi qələmə verib, həmişə deyinirdilər: «Yəqub(ə.s)-un bu məhəbbətinə biz layiqik, çünki dünya işlərini yerinə yetirməkdə biz ondan(Yusifdən) daha bacarıqlı və daha güclüyük ».
Amma Yəqub(ə.s)-un Yusif(ə.s)-ə olan məhəbbəti maddi səbəblər üzündən deyil, əksinə, Allahın Yusif(ə.s)-i sevdiyinə və onu qardaşlarının arasından seçəcəyinə görə idi. Yəqin ki, Allahın sevimlisi onun Peyğəmbər(s)-inin də məhbubu, sevimlisi olacaqdır.
Kuleyni Məhəmməd ibn Sənandan belə nəql edir:
Bir gün İmam Cavad(ə.s)-a müsəlmanlar arasında baş vermiş ixtilaflı bir mövzu barədə söhbət açdım. O da mənim cavabımda belə buyurdu: «Ey Məhəmməd! Bil ki, Allah-təala həmişəki kimi yeganə və misilsizdir. Ondan sonra Mühəmməd(s), Əli(ə.s) və Fatimə(s.ə)-nin nurunu yaratdı. O pak üç nur min illərlə beləcə qaldı. Daha sonra Allah-təala bütün mövcudatı xəlq edərək onları məxluqatın yaradılışına şahid etdi. Bütün yaradılmışların arasında yalnız onlara itaət etməyi buyurdu, məxluqatın bütün işlərini onlara həvalə etdi. Beləliklə, onlar (Mühəmməd (s), Əli(ə.s), Fatimə (s.ə)) istədikləri şeyi halal və haram edə bilərlər. Lakin onu da bilmək lazımdır ki, bu üç müqəddəs vücud Allahın istədiyini istər, onun qəbul etmədiyini sevmək və ya Allah istəyəndən başqa heç nəyi istəməzlər. Bu, dinin mahiyyətidir. Kim tələsib qabağa keçsə, yolunu azar. Hər kim də arxaya qalıb ləng tərpənsə, həlak olar. Yalnız din ilə yanaşı addımlayan onunla bir haqqa yetişər. Ey Məhəmməd, bu sözü öyrən və əzbərlə».
Müəllif yazır: «Bu şərif hədisdə Fatimə(s.ə)-nin İlahinin məxluqatın bütün işlərini həvalə etdiyi şəxslərdən olduğu bəlli olur. Beləliklə, o, istədiyi şeyi halal və haram edə bilər (əlbəttə, bir şərtlə ki, onun istədiyi Allahın istədiyi olsun).
Fatimə(s.ə)-nin kitabı.
Bir çox İmamların müxtəlif rəvayətlərində nəql olunmuşdur ki, Fatimə(s.ə)-nin kitabı məsum İmamlardır. O cümlədən «Bəsairüd-dərəcat» adlı kitabda İmam Sadiq(ə.s)-in: «Fatimə (s.ə) özündən sonra bir kitab yadigar qoyub. Bu kitab «Quran» deyildir, lakin ulu Yaradan tərəfindən Fatimə(s.ə)-yə nazil olan Allah kəlamıdır. Peyğəmbər (s) onu həzrəti-Əli(ə.s)-yə söyləmiş, O da yazmışdır»,-buyurduğu qeyd edilmişdir.
Əbu Bəsir belə nəql edir:
Bir gün İmam Sadiq(ə.s)-in hüzuruna gəlib soruşdum:
– Canım sənə fəda! Əhli-beyt tərəfdarları deyirlər ki, Peyğəmbər(s) öz elmindən yalnız bir fəsil öyrətmişdir ki, həmin fəsildən də minlərlə qapı açılır. Mənim zənnimcə, həqiqi və kamil elm məhz elə budur.
Həzrəti-Cəfəri-Sadiq(ə.s) bir az fikrə gedib buyurdu:
– O elmdir, lakin kamil elm deyildir. Əlbəttə, «Məcmuə» bizdədir, amma insanlar hardan bilsin ki, «Məcmuə» nədir? O, yetmiş dirsək uzunluğunda Peyğəmbər(s)-in söylədiyi, həzrəti-Əli(ə.s)-nin dəsti-xətti ilə yazdığı bir tumardır. Bütün halal və haram hökmlər, şəri qanunlar orada yazılmışdır, belə ki hətta cırmağın cəriməsinə kimi həmin tumarda qeyd olunmuşdur.
Dedim:
-– Allaha and olsun ki, bu, kamil elmdir.
-–Bu elmdir, lakin kamil elm deyildir. Düzdür, «Cəfr» elmi bizdədir, amma xalqın «Cəfr» elmi barədə heç bir məlumatı yoxdur.
-–Bəs «Cəfr» nədir?
-–Peyğəmbərin, övliyaların, keçmiş Bəni-İsrail alimlərinin dəri üzərində yazılmış elmidir, ancaq bu da elmi-kamil deyil. Sizin əlinizdəki «Quran»ın üç bərabər ölçüsündə olan həzrəti-Fatimə(s.ə)-nin kitabı da elmdir. Bu elmdən yalnız bizim xəbərimiz var, çünki o bizdədir. Allaha and olsun ki, «Qurani-Kərim»dən bir kəlmə də olsun bu kitabda yoxdur. Hətta bunu da kamil elm adlandırmaq olmaz. Kamil elm hər gecə və gündüz bir hadisədən sonra başqa bir hadisəyə, bir şeydən sonra başqa bir şeyə aid qiyamətə kimi davam edən bir elmdir.
Fatimə(s.ə)-nin behiştdə məqamı.
Bəzi rəvayətlərdə belə nəql olunmuşdur ki, Fatimə(s.ə) Peyğəmbər(s)-in Qəzba adlı dəvəsində məhşərə daxil olan dörd süvaridən biridir.
İbn Şəhr Aşub rəvayət edir ki, həzrəti-Mühəmməd(s) ölüm yatağında olarkən Qəzba adlı dəvəsi ondan soruşdu ki, məni özündən sonra kimə tapşırırsan?
Peyğəmbər(s) buyurdu: «Ey Qəzba, Allah səni bərəkətli etsin. Sən qızım Fatimə(s.ə)-ninsən. O sənə həm bu dünyada və həm də axirətdə minəcək».
Elə ki Rəsuli-əkrəm (s) vəfat etdi, o dəvə gecə ikən Fatimə(s.ə)-nin yanına gəlib dedi: «Salam olsun sənə, ey Peyğəmbərin qızı. Mənim bu dünya ilə vidalaşmağıma az qalıbdır. Allaha and olsun ki, Peyğəmbər(s)-in vəfatından sonra dilimə ot və su dəyməyib».
O dəvə ayrılığa dözməyib həzrəti-Mühəmməd(s)-in vəfatından üç gün keçmiş canını tapşırdı.
Furat ibn İbrahim öz təfsirində əmirəl-möminin Əli(ə.s)-nin dilindən belə söyləyir:
Bir gün Peyğəmbər(s) Fatimə(s.ə)-nin yanına gəldikdə xanımın kədərli olduğunu hiss etdi. Rəsulallah(s) bir az qiyamət günü barədə danışıb bu məqama yetişəndə belə buyurdu: «Ey Fatimə, behişt qapısına yetişən zaman o vaxta qədər heç bir kəslə görüşməyən və səndən sonra da görüşməyəcək 12 min behişt hurisi səni qarşılayar. Onların əlində nurdan ibarət silah olar. Bu hurilər yəhəri sarı qızıl və qırmızı yaqut, yüyəni təzə mirvaridən olan işıq saçan dəvələrə minərlər. Hər dəvənin üstsndə də sız-sıx düzülmüş parlaq incilərlə bəzədilmiş «sundus» süfrəsi açılar. Behiştə gələn zaman cənnət əhli sənin qədəmlərindən şadü-xürrəm olar. Əhli-beyt tərəfdarları üçün istədikləri şey həmişə və elə o dəqiqə hazır olar. Allah övliyaları behiştdə yerləşdirən zaman həzrəti-Adəm(ə.s), ondan sonra isə bütün Peyğəmbərlər səni ziyarət etməyə gələrlər ».
Peyğəmbər(s)-in qəlbinin sözü.
Fatimə(s.ə) buyurdu: «Bu ayə («Nur», 63) «Öz aranızda bir-birinizi çağırdığınız kimi? Peyğəmbəri çağırmayın (yəni onu ehtiramla səsləyin.)» nazil olan zaman mən Rəsuli-əkrəm(s)-i «Ey Allahın Rəsulu!»-deyə çağırırdım. Lakin o Həzrət istəyirdi ki, ona «Ata» deyə müraciət edim. Üç dəfə mənə heç bir şey söyləmədi. Axırda mənə üz tutub buyurdu:
«Ey Fatimə, bu ayə sənin, ailən və sənin nəslin üçün nazil olubdur».
Sonra əlavə etdi: «Mənə «Ata» deyə müraciət et, çünki sənin məni belə çağırmağın qəlbimi daha da şadlandırır və Allahı da razı edir».
«Mishabul-Ənvar» adlı kitabda həzrəti-Əli(ə.s)-nin həzrəti-Mühəmməd(s)-in qızı Fatimə(s.ə)-yə bəslədiyi dərin məhəbbət və ehtiram barəsində söylədiyi hədis qeyd olunmuşdur. Burada xanım Fatimə(s.ə) Atası ilə olan mükaliməni xatırlayaraq belə bir məqama toxunmuşdu:
«Allah-təala sənə salam göndərəni bağışlayar və onu mən cənnətin harasında olsam, mənə qovuşdurar».
Peyğəmbər(s)-in qızı barədə etdiyi dua.
Kuleynin yazdığına görə, İmam Baqir(ə.s) Cabir ibn Abdulla Ənsaridən nəql edir:
Həzrəti-Mühəmməd(s) çölə çıxıb Fatimə(s.ə)-ni görməyə getmişdi. Mən də onunla idim. Biz Peyğəmbər(s)-in evinə yetişəndə O, əlini qapıya dayadı və sonra buyurdu:
– Salam olsun sizə.
Fatimə(s.ə) də onun cavabını aldı. Peyğəmbər(s) evə daxil olmaq üçün icazə istədi. Xanım söylədi:
– Buyur, ey Allahın elçisi.
Rəsuli-əkrəm(s) buyurdu:
–Yanımdabir nəfər də var. İcazə olarmı, o da içəri keçsin?
Fatimə(s.ə) ərz etdi:
–Rübəndim başımda deyil.
Peyğəmbər(s) buyurdu:
–Fatimə, çadra ilə başını ört.
Fatimə(s.ə) çadra ilə örtündükdən sonra Peyğəmbər (s) yenə salam verib mənim də onunla birgə içəri daxil olmağım üçün icazə istədi, Fatimə(s.ə) icazə verdi.
Cabir deyir ki, mən Rəsululah(s) ilə evə daxil olanda Fatimə(s.ə)-nin çöhrəsinin saraldığını hiss etdim. Peyğəmbər(s) bunun səbəbini soruşduqda o Həzrət(s.ə) buyurdu ki, aclığın təsirindəndir. Həzrəti-Mühəmməd(s) bu zaman belə dua etmişdi:
«Ey acları doyduran Allah, Mühəmməd(s)-in qızı Fatiməni doyur».
Fatimə(s.ə)-nin həyat yoldaşı ilə davranışından bir nümunə.
Əbu Səid Xudradan nəql olunur:
Bir gün həzrəti-Əli(ə.s) acımışdı. Evə gəlib xanımından yemək istədi. Fatimə (s.ə) ərz etdi:
–Atamı Peyğəmbər, səni isə onun vəlisi qərar verən Allaha and olsun ki, evdə yeməyə bir şey yoxdur. İki gündür, yeməyimiz qurtarıb. Əgər olsaydı, onu özümdən və oğullarım Həsənlə Hüseyndən qabaq sənin üçün saxlayardım.
Əli(ə.s) buyurdu:
– Fatimə, bəs niyə mənə xəbər verməmisən ki, sizin üçün yemək tapım?
Fatimə(s.ə) belə cvab verdi:
– Ey Əbülhəsən, mən Allahımdan utanıram ki, səndən qüdrətində olmayan bir şeyi tələb edim.
Ev və çöl işlərinin bölünməsi.
«Qərbül-əsnad» adlı kitabda İmam Sadiq(ə.s)-in İmam Baqir(ə.s)-dən eşitdiyi hədis qeyd olunur:
Bir gün həzrəti-Əli(ə.s) ilə Fatimə(s.ə) ev və çöl işlərini öz aralarında bölüşdürməkdən ötrü Peyğəmbər(s)-in yanına gələrək onların arasında qəzavət etməsini xahiş etdilər. Peyğəmbər(s) ev işlərini Fatimə(s.ə)-nin, çöl işlərini isə Əli(ə.s)-nin öhdəsinə qoydu. Fatimə(s.ə):
«Təkcə Allah şahiddir ki, mən bu bölgüdən necə xoşhal və razıyam, çünki Allahın Rəsulu(s) mənə elə iş tapşırdı ki, mənim daha evdən bayıra çıxmağıma ehtiyac yoxdur və naməhrəmlərin gözündən uzaq olacağam», – deyə buyurdu.
Mələklər həzrəti-Zəhra(s.ə)-nın xidmətində.
Xəraic Ravəndinin kitabında Salmanın söylədiyi belə bir hədis qeyd olunur:
Həzrəti-Zəhra(s.ə)-nın evində idim. Xanım Fatimə(s.ə)-nin əyləşərək dəyirmanda arpadan un üyütdüyünün şahidi oldum. Dəyirmanın dəstəyi qana bulaşmışdı. Hüseyn(ə.s) (o zaman südəmər körpə idi) evin bir tərəfində aclıqdan ağlayırdı.
Söylədim ki, ey Peyğəmbər(s)-in qızı, özünüzü bu qədər zəhmətə salmayın. İndi sizin Fizzə kimi kəniziniz var. O, xidmətinizdə hazırdır. Belə olduqda həzrəti-Zəhra(s.ə) buyurdu:
– Allahın Rəsulu mənə belə göstəriş vermişdir ki, evin işlərini növbə ilə bir gün mən, bir gün isə Fizzə görsün. Dünən Fizzənin növbəsi idi, bu gün isə mənim növbəmdir.
Söylədim:
– Ey Peyğəmbər(s)-in qızı, mən sizin azad etdiyiniz qulam və xidmətinizdə hazıram. Mənə əmr et, ya dəyirmanda arpa çəkim, ya da Hüseyn(ə.s)-i saxlayım.
Xanım buyurdu:
– Hüseyn(ə.s)-i mən saxlayaram, sən dəyirmanda arpa üyüt.
Mən bir az arpa üyütdüm. Azan səsi gəldi. Məscidə gedib namazı Rəsuli-əkrəm(s) ilə birgə qıldım. Namazdan sonra bu hadisəni Əli(ə.s)-yə söylədim. O Həzrət gözləri yaşarmış halda ayağa qalxıb evə getdi. Bir az keçməmiş gördük ki, gülə-gülə qayıtdı. Rəsuli-əkrəm(s) ondan gülməyinin səbəbini soruşduqda buyurdu ki, evə getmişdim, içəri daxil olanda gördüm ki, Fatimə(s.ə) arxası üstə yuxuya dalmış, Hüseyn(ə.s) də sinəsi üstündə yatmışdı, dəyirman da onun qarşısında öz-özünə fırlanırdı.
Peyğəmbər(s) gülüb buyurdu:
– Ey Əli, məgər bilmirsənmi, Allahın elə mələkləri var ki, Mühəmməd və ali Mühəmmədə xidmmət etmək üçün yer üzünü gəzib dolaşırlar. Onların bu xidməti qiyamətə kimi davam edəcəkdir.
Peyğəmbər(s)-in həzrəti-Zəhra(s.ə)-ya yardımı.
Başqa bir rəvayətdə belə nəql olunur ki, bir gün həzrəti-Mühəmməd(s) əmirəl-möminin Əli(ə.s)-nin evinə daxil olduqda qızının o Cənabla birgə dəyirmanda qavərs üyütməklə məşğul olduğunu görür və belə buyurur: «Hansınız yorulmusunuzsa, mən onu əvəz edim». Əli(ə.s) ərz etdi ki, Fatimə (s.ə) yorulmuşdur. Peyğəmbər(s) Fatimə(s.ə)-yə söylədi: «Qalx, əziz qızım!» Fatimə(s.ə) ayağa qalxdı. Peyğəmbər(s) Fatimə(s.ə)-nin yerində oturub Əli(ə.s)-yə kömək eləməyə başladı.
Bu hərəkətlə Allahın Rəsulu(s) ümmətinə öyrətdi ki, əgər xanım ev işlərində əziyyət çəkirsə, ona kömək etmək lazımdır.