Bizim kitablar:






 


PEYĞƏMBƏR

Ərəbistan yarımadasının coğrafi və ictimai-siyasi mövqeyi

Ərəbistan dünyanın ən böyük yarımadasıdır. O, Asiyanın cənub-qərbində yerləşir. Bu yarımada şərqdən Fars körfəzi, cənubdan Oman dənizi və Hind okeanı, qərbdən Qırmızı dəniz və şimal tərəfdən isə İordaniya və İraqa qədər qumlu səhralarla əhatə olunmuşdur. yarımadanın ərazisi 3.000. 000 km2 –dən artıqdır. Ümumiyyətlə, Ərəbistan ərazisinin xeyli hissəsini səhralar, çox az hissəsini isə münbit torpaq sahələri və yaşayış yerləri təşkil edir. Qeyd etdiklərimizdən əlavə, yarımadanın dağlıq və isti sahil əraziləri də vardır.

Ərəblərin əksəriyyəti cənubda Yəmən, Həzərəmaut və Ədəndə, şimal və qərbdə isə Hira və Qəssan ərazilərində məskunlaşmışlar. Yarımadanın sakinləri (təqribən 5/6 hissəsi) səhrada köçəri halda yaşayırdılar. Şəhərdə yaşayan ərəblər də öz əxlaqi və mə’nəvi dəyərlərini səhra ərəblərindən götürmüşlər. Bundan başqa, əhalinin təqribən 1/6 hissəsi şəhərlərdə məskunlaşmışdır. Hicazın Məkkə, Yəsrib və Taif şəhərləri də Ərəbistanın mərkəz şəhərləri kimi çox məşhur olmuşdur. Yarımadanın şimal və cənub hissələrindən başqa, digər əraziləri dünya cahangirlərinin diqqətini özünə çox az cəlb etmişdir. Çünki belə qumsal, susuz və yandırıcı səhraları fəth etmək çox çətin idi. Bu səhralardan qoşun keçirmək artıq dərəcədə qorxulu idi.

Ərəbistanın çoğrafi xəritəsi

Ərəbistanın iqtisadi zəifliyi və heç bir nizam-intizama sığmayan səhra ərəblərinin özü də xarici düşmənlərin yürüşlərinə maneə törədən amillərdən idi. Bu səbəbdən də Hicaz məntəqəsi öz müstəqilliyini təbii surətdə qorumuş və əcnəbi millətlərin tə’siri altına düşməmişdir. Fransız tarixçisi Qusşav Lobon yazır: “Makedoniyalı İsgəndər Şama və Fələstinə hücum ərəfəsində vəfat etdi. İsgəndərin ölümündən sonra mal-dövləti sərkərdələri arasında bölündü. Onun Anşi Qun adlı sərkərdəsi oğlu Dmitriyus Peşroya (Fələstinin şəhərlərindən biridir) varid olduqdan sonra ərəblər ona belə dedilər: “Ey böyük hökmdar! Biz həyat üçün heç də əlverişli olmayan qumsallıqlarda yaşayırıq. Bu ərazinin əhalisi bütün ne’mətlərdən məhrumdur. Biz başqasına qul olmamaq üçün belə quru və susuz səhrada sükunət etməyi seçmişik. Buna görə də hədiyyələrimizi qəbul et və qayıt. Əgər burada qalsan, müvəffəqiyyətsizliyə uğrayacaqsan. Biz köçəri insanlarıq. Heç vaxt bizi uşaqlıqdan alışdığımız həyat tərzini dəyişməyə məcbur edə bilməzsən.” Dmitriyus bu sülh sifarişini qəbul edib, hədiyyələrlə geri qayıtdı. Bu hadisə bir daha sübut edir ki, səhra ərəbləri heç bir zülmə tabe olmayıb, xarici qüvvələr qarşısında əyilməmişlər.

Onların cəmiyyəti qəbilələrdən ibarət idi. Qəbilə bir neçə ailə və qohumun cəmiyyət halında yaşadığı ictimai birlik formasıdır. Qəbiləyə yaşca daha böyük olan qəbilə başçısı rəhbərlik edir. O,öz mövqeyinə mərdlik və şücaət tədbirləri tökmək nəticəsində yiyələnir. Hərbi işlərə rəhbərliyi də qəbilə başçısı öz üzərinə götürürdü.

Başçı həmçinin qəbilə daxilində baş vermiş münaqişələri həll edir və qarşıya çıxan problemləri aradan qaldırırdı. Ərəb qəbilələri bir-birindən keçilməz sədlərlə ayrılmış insan qrupları idi. Bütün başqa qəbilələr yad sayılır və biri digərinin yanında heç bir hüquq və hörmətə malik deyildi. İşğal zamanı qarətlə məşğul olmaq, qadınları əsir tutub kişiləri öldürmək onların qanunlarının artıq bir müddəasına çevrilmişdi. Yalnız aralarında əhd-peyman bağlamış tayfalar təhlükəsizliyi qoruyub saxlayırdı. Əlbəttə, bu ittifaq da çox çəkmirdi. Bir kiçik bəhanə ilə həmin əhd-peyman pozulur və yeni döyüşün başlanması üçün şərait yaranırdı buna görə də hər bir qəbilə yalnız öz üzvlərinə arxalana bilərdi. Burada hər bir üzvə hörmət və qayğı ilə yanaşılırdı.1 Hər bir qəbilə öz şöhrəti? üzvlərinin sayı ilə (hətta ölüləri saymaqla da) böyük təəssübkeşlik göstərirdi.

Yarımadanın iqtisadi vəziyyəti

Səhra ərəblərinin əsas məşğuliyyəti heyvandarlıq idi. Bildiyiniz kimi, burada əkin-biçin üçün əlverişli şərait olmadıqından əkinçilik bir o qədər də geniş inkişaf etməmişdi. Yalnız Mədinə və Taif ərtafında münbit torpaqlar var idi ki, burada da əhalinin çox az hissəsi əkinçiliklə məşğul olurdu. Ərəblərin başqa bir həissəsi isə Yəməndə çalışırdı. Çünki Yəmən mədəniyyət və ticarət baxımından xeyli inkişaf etmişdi. Məkkə ərazisi də münbit deyildi. Buna görə də Məkkə sakinləri ticarət ilə məşğul olub, ehtiyac duyulan malları digər məntəqələrdən alıb öz yaşayışlarını tə’min edirdilər. Bura cahil ərəblər üçün müqəddəs və təhlükəsiz yer sayılırdı. Əhali bütlərə sitayiş etmək, yaxud da Zilhiccə ayında keçirilən həcc mərasimində iştirak etmək üçün Məkkəyə gəlirdi. Bu da ticarətin inkişafına əlverişli şərait yaradırdı. Hicazın ticari işləri Qüreyş əhlinin, yə’ni məkkəlilərin və Taif əşrəflərinin əlində inhisarlanmışdı. Onların şimalda Fələstin və Şam, cənubda isə Yəmənlə ticarət əlaqələri var idi. Bə’zən dəniz yolu ilə Həbəşistana (Efiopiya) və Nəcd yolu ilə Sasanilərin paytaxtı Mədainə də səfərlər olurdu. Hətta Misir və Hindistanla da ticarət əlaqələri yaranmışdı. Məkkə tacirləri havası və suyu yaxşı olduğu üçün yayda şimala? qışda isə cənuba gedirdilər. Qur’anda bu barədə belə buyurulub: “Bismillahir-rəhmanir-rəhim. 1. Ya Peyğəmbər! Qüreyşilərə de ki, Qüreyşin ülfəti? dostluğu və ya Allahın onlar üçün səfəri asanlaşdırması xatirinə, 2. Onlara qış və yay səfərlərinin müyəssər edilməsi (qışda Yəməndə, yayda Şamda istirahət və ticarət edə bilmələri) xatirinə, 3. Bu evin Rəbbinə (Kə’bənin sahibi Allaha) ibadət etsinlər! 4. O Allah ki, onları aclıqdan qurtarıb yemək verdi və onlara qorxudan (fil sahiblərinin təhlükəsindən) sonra əmin-amanlıq bəxş etdi.”2

Qadın və ailə

Ərəblərdə evlənmə çox tez, hətta qızın 8-9 yaşlarında baş verirdi. Atanın razılığı və gəlinin dəyərini (başlıq) ödəmək evlənməyin başlıca şərti hesab olunurdu. Çoxarvadlılıq heç bir qeyd və şərtsiz yayılmışdı. Qadın ata, ər və ya oğlunun əmlakının bir hissəsi sayılırdı. Onu qalan mal-dövlətlə birgə irs aparırdılar.1 Buna görə də atanın digər arvadlarla evlənməsi qanuni surətdə qadağan olunmamışdı. Övladın yalnız öz ana və bacısı ilə evlənmək hüququ yox idi. Bə’zən elə olurdu ki, başqa qəbiləyə mənsub bir qızla evlənmək istəyən ərəb öz rəqibi ilə döyüşməli olurdu. Qalib gələn rəqib həmin qızla evlənirdi.2 Pozğunçuluq halları cahil ərəb mühitində çox geniş yayılmışdı. Bə’zi qəbilələr qız uşaqlarını diri-diri qəbrə basdırırdılar. Ümumiyyətlə, onlar qız uşağının dünyaya gəlməsini bədbəxtlik və eyib sayırdılar. Ərəblərin birinə qızı olduğunu müjdə verdikdə qüssənin şiddətindən üzü qaralır və narahat olurdu.3

Qızın hücum zamanı tayfasını müdafiə edə bilməməsi və düşmənə əsir düşməsi belə bir çirkin adətin yaranmasına səbəb olmuşdu. Elə hallar olurdu ki, aclıq və kasıblıq üzündən bə’zi ailələrdə yeni doğulmuş oğlan uşaqlarını da öldürürdülər.