İlahiyyatçı Ceyhun Cəfərovun şikayəti təmin edilməyib

 

Apellyasiya Məhkəməsində “Təkamül” Tərcümə Mərkəzinin həbsdə olan rəhbəri Ceyhun Cəfərovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı şikayətinə baxılıb.

 

İslamAz.com xəbər verir ki, Vəkil Cavad Cavadlının APA-ya verdiyi məlumata görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, ilahiyyatçı, “Təkamül” Tərcümə Mərkəzinin direktoru Ceyhun Cəfərov Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilir.

 

C. Cəfərov Həcc ziyarəti zamanı Qafqaz Müsəlmanları İdarəsi tərəfindən zəvvar qruplarına rəhbərlik edib, ziyarətin təşkili və düzgün yerinə yetirilməsində zəvvarlara yardım edib.

 

Onu da qeyd edək ki, C. Cəfərov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti  iyulun 9-da Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay uzadılıb. Apellyasiya şikayəti həmin qərardan verilib.

İctimai fəallar Hacı Ceyhun barədə fikir söylədilər

 

İlqar İbrahimoğlu : “Onunla bağlı səslənən ittihamlar onu tanıyan hər kəs üçün , yalnız təəccüb və təssüf doğurur. Uca Allahdan xüsusi inayətlərini nəsib etməsini diləyirəm.”

Vüsal Hətəmov :  “inşallah, istintaq ərəfəsində hər şey aydın olar, dəyərli, ölkə  ziyalısı, ilahiyyat elmləri üzrə mükəmməl mütəxəssis olan Hacı Ceyhun Cəfərov azad olunar.”

 

Səbail rayon məhkəməsi Hacı Ceyhun Cəfərov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Məlumata görə, C.Cəfərov dövlət çevrilişinə cəhd maddəsi ilə ittiham olunur.  

İslamaz.com  xəbər verir ki, ölkənin tanınmış ictimai xadimləri hacı Ceyhun Cəfərovun həbsinə munasibət bildiriblər.

“Cümə” icmasının imam-camaatı, DEVAMM sədri, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu öz feyzbuk səhifəsində bunları yazıb: 

“Əziz dostlar! Bildiyiniz kimi, anamın müalicəsi ilə əlaqədar Bakıda deyiləm. Ruhani Hacı Ceyhun Cəfərovun həbs olunma xəbərini oxudum. Çox təəccübləndim. Bütün fəaliyyəti ilə mötədil yol tutmuş, ölkədə İslami ədəbiyyatın keyfiyyətli tərcümə etmə sahəsinin avanqardında getmiş, təkfirçiliyə qarşı mübarizədə ciddi maarifçilik işləri görmüş, bir ruhanidir. Onunla bağlı səslənən ittihamlar onu tanıyan hər kəs üçün , yalnız təəccüb və təssüf doğurur. Uca Allahdan xüsusi inayətlərini nəsib etməsini diləyirəm.”

Vəkil: İlahiyyatçı ona irəli sürülən ittihamları rədd edir

Vəkil Cavad Cavadov bir müddət əvvəl həbs edilən və MTN təcridxanasında saxlanılan Hacı Ceyhun Cəfərovla görüşüb. Bu haqda Cavad Cavadov özünün sosial şəbəkə profilində məlumat verib:
“Dünən Milli Təhlükəsizlik Nazirliyində saxlanılan Hacı Ceyhun Cəfərovla görüşdüm. O, ona qarşı irəli sürülmüş dövlətə xəyanət ittihamını qətiyyətlə rədd edir və məndən hamıya onun günahsız olmasını çatdırılmasını istədi”.
Qeyd edək ki, ilahiyyatçı Ceyhun Cəfərov İslam Universitetində dərs deyib, “Space” telekanalında “Gecə söhbətləri” dini verilişində aparıcı olub, onlarla kitabın tərcüməçiliyini, redaktorluğunu edib. “Təkamül Tərcümə Mərkəzi” nəşriyyatı tərəfindən İslam dinində ən mükəmməl Quran təfsirlərindən olan “əl-Mizan” təfsiri tərcümə olunaraq nəşr olunub. Eyni zamanda C.Cəfərov Həcc ziyarəti zamanı QMİ tərəfindən zəvvar qruplarına rəhbərlik edib, ziyarətin təşkili və düzgün yerinə yetirilməsində zəvvarlara yardım edib.