Həqiqi Əhli-beyt (ə) davamçısının 2 xüsusiyyəti

 

 İmam Əli (ə) buyurur: “Onlar (Əhli-beyt (ə) davamçıları) o kəslərdir ki, Allaha itaət məqamında kamil təslim olarlar”. (Tebyan/Deyerler)

Həqiqi Əhli-beyt (ə) davamçısının xüsusiyyəti belədir ki, o zaman Allahın əmr və qadağasına diqqət edər, onun qarşısında xalis təslim olar. Yəni, bilən kimi ki, Allah nələri sevir, səy göstərir ki, onu ən yaxşı şəkildə yerinə yetirsin. Bilən kimi ki, nələrdən xoşu gəlmir, onu tərk etməyə səy göstərir. Əhli-beyt (ə) davamçıları Allahın əmrləri qarşısında heç bir müqavimət göstərməzlər.

Bu insanlar ibadət məqamında təvazökar və mütidirlər. İbadət odur ki, qəsdi Allaha yaxınlaşmaq niyyəti ilə olsun. Bu niyyətlə edilən hər bir əməl – ibadətdir. Hətta yemək və içmək belə. Ona görə də ibadəti ancaq namaz və oruca aid etmək düzgün olmaz.

İmam Əli (ə) yuxarıdakı hədisdə Əhli-beyt (ə) davamçısının iki sifətini bəyan edir: biri budur ki, Allaha itaət məqamında o qədər təslimdirlər ki, özlərindən heç bir müqavimət göstərməzlər. O zaman ki, Allah deyər namaz qıl, zəkat ver – onlar düşünməzlər və Allahın əmrini yerinə yetirməkdə ləngiməzlər.

O biri də budur ki, Əhli-beyt (ə) davamçıları pərəstiş məqamında – namaz kimi ibadətlərdə – bu ibadətləri zahiri mərasim kimi yerinə yetirməzlər. Onun həqiqətinə nüfuz edərlər.

Ümid edirik ki, bizlər də həqiqi Əhli-beyt (ə) davamçısı ola bilərik.

 

Çətinliklərə sinə gərmək üçün əməli metodlar

 

İnsanların həyatındakı şadlıq, qəm, rahatlıqlar, çətinliklər, kobudluqlar, yumşaqlıqlar, alçaq və yüksəkliklər bəzilərin həyatında çoxdur və bəzilərininkində azdır. Lakin elə insan tapmaq olmaz ki, həyatı başdan-başa xoşluq içərisində olsun. (Tebyan/Deyerler)

O ağac ki, susuz səhrada bitər, budaqları daha sərt olar. Çünki əgər yumşaq və nazik olsaydı, səhra tez alovlanardı və söndürmək də çətin olardı.

Çətilniklər insan varlığını da bu cür sərtləşdirə bilir. İnsanı zəiflikdən uzaqlaşdırır. Rahatlıq və rifah insan şəxiyyətini zəif edər və bu insan çirkinliklərə daha tez bulaşa bilir.

 

İmam Əli (ə) buyurur: “Çətinliklər insan varlığını möhkəm və müqavimətli edər. Zəif və süstlükdən uzaqlaşdırar. İnsanı dünyanın alçaq istəklərinə boyun əyməkdən qoruyur. İnsana pak olmağa yardım edir. Eləcə də, rahatlıq istəmək insan şəxsiyyətini zəif edər. Onun çirkinliklər ətəyinə süqut etməsini hazır edər”.

Həzrət Əli (ə) həmçinin buyurur: “Bu dünyanın acısı – o biri dünyanın şirinliyidir. Bu dünyanın şirinliyi o biri dünyanın acı olmasıdır”.

İnsan çətinliklərə düşən zaman kamala çatar. İnsan əgər çətinlik görməzsə xamlığı bişməz, zəifliyi qüvvətə çevrilməz, nöqsanı kamala çatmaz. Bu cür insan səbirli olmaz və onun mələkut sifətləri tərəqqi etməz.

İnsanın çətinliklərə qalib gəlməsi üçün səbrə ehtiyacı vardır. İnsan əgər səbirli olarsa çətinliklərin öhdəsindən gələ bilər. Bəs insan öz səbrini necə gücləndirə bilər?

 

Dünya həyatını tanımaq.

İnsanın səbrini gücləndirən amillərdən biri – insanın dünya həyatını tanımasıdır. Bilməsi ki, bu dünya fanidir və qalıcı deyildir. İnsan ona görə xəlq olub ki, imtahana çəkilsin və kamala çatsın. Allah insanı çətinliklər üçün xəlq etmişdir və heç bir şadlıq qəm olmadan olmaz. Necə ki, Allah Təala Özü buyurur: “Şübhəsiz, Biz insanı zəhmətdə və məşəqqətdə yaratmışıq (kam almağı nakamlığla, ləzzətləri acılıqlarla müşayət olunur). (“Bələd” 4).

 

1. Özünü tanımaq.

Əgər insan özünü Allahdan bilərsə, həmişə səbirli olar. Çünki hər şeyin Allaha məxsus olduğunu bilər.

 

2. İlahi vədələrə ümid bəsləmək.

İnsan gərək Allahın verdiyi bu vədəyə yəqinlik əldə etsin: “Bəli, hər bir çətinlikdən sonra bir asanlıq vardır!”. (“Şərh” 6).

 

3. Məhrumiyyətlərin aradan qalxacağına ümid bəsləmək.

Həzrət Peyğəmbər (s) buyurur: “Allah dünyanı bəla və giriftarlıq evi və axirəti əcr evi qərar vermişdir. Ona görə də dünyanın bəlasını axirətdə savabın və ya əksinin səbəbi qərar vermişdir. Dünya bəlasının axirətdə savabı və mükafatı olar. Dünya tez keçəndir və sürətlə ötüb keçər”.

 

4. Allahdan yardım istəmək.

Quran buyurur ki, Allah yardım etməzsə, səbir etmək kamil olmaz.

 

5. Qəza və qədərə iman bəsləmək.

İnsan bilməlidir ki, əlindən gedənlər qayıtmayacaqdır. Ona görə də səbirsizlik etməyin faydası yoxdur.

Beləliklə deyə bilərik ki, insan çətinlik üçün xəlq edilmişdir və ona görə də qəm və qüssə görmədən şadlıq görə bilməz. Ancaq insan səbirli olarsa, həyatın çətinliklərinin öhdəsindən gələ bilər. Bunun üçün isə Allaha söykənməli, Ona ümidvar olub, təvəkkül etməliyik.

Naməhrəmlə zarafat etməkdən çəkinmək lazımdır

 

Bu gün cəmiyyətimizdə ən çox müşahidə olunan hallardan biri də naməhrəmlə zarafat etməkdir. Çox təəssüf ki, təhsil, iş ocaqlarında bu hala daha çox rast gəlmək olur. Bu əməl isti ailə ocağının dağılmasına səbəb ola bilən əməllərdəndir. (Tebyan/Deyerler)

Qurani-Kərim qadına əmr edir ki, naməhrəmlə söhbət edən zaman səsini incəltməsin. “Buna görə də danışığınızda naz-qəmzə və işvə etməyin ki, qəlbində (günah, pozğunluq) xəstəliyi olan kəs tamaha düşməsin. Gözəl (təhrik və işvədən uzaq) danışın”. (“Əhzab” 32).

İctimai rabitələrdə ifrat və təfrit etmək olmaz, xüsusilə də qadınla kişi münasibətlərində. Bəziləri bu rabitəni bacı-qardaş rabitəsi adlandırıb, onda ifrat edirlər. Bəziləri isə qəti şəkildə naməhrəmlə rabitə qurmağı özlərinə qadağan edirlər.

Halbuki, İslam dini etidal dinidir. Ona görə də cəmiyyəti də mötədil olmağa dəvət edir. “Sizi orta (ifrat və onun ziddi arasında mötədil) bir ümmət etdik ki, (Qiyamət günü) siz insanlara şahid olasınız və bu Peyğəmbər də sizə şahid olsun”. (“Bəqərə” 143).

Naməhrəmlə zarafat etmək aralarında olan məsafəni rəngsizləşdirər və günahın baş vermək ehtimalını gücləndirər. Ona görə də İlahi övliyalar insanları naməhrəmlə zarafat etməkdən çəkindirirdilər.

Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, naməhrəm qadınla zarafat edər, onunla danışdığı hər sözə görə min il cəhənnəmdə həbs olunar”.

Hər kəs naməhrəm qadınla zarafat edərsə, günahın zəminələri meydana gələr. Baxmayaraq ki, o, şagirdidir və ya sinif yoldaşıdır.

Ona görə də hər bir qadın və kişi bilməlidir ki, dinimizin onlardan istədiyi rabitə – sağlam rabitədir. Qadınla kişi cəmiyyətdə rabitə qurmağa məcburdur və bunu aradan qaldırmaq mümkün deyildir. Lakin bu rabitə dini çərçivəsini aşmamalıdır. Bu rabitədə əgər şəhvətə təhrik edən hallar olarsa, hər ikisi də böyük günaha tərəf süqut edərlər. Bu cür rabitələrə şəhvətə təhrik edən zarafatlar da aiddir.

Dünya – axirətin tarlasıdır. Bəs yaxşı məhsul yığmaq üçün nə etmək lazımdır?

 

Dünya – axirətin tarlasıdır. Bəs tarlanın nə xüsusiyyəti olur? Tarla elə bir yerdir ki, bir fəsildə onu əkir və başqa bir fəsildə məhsul götürürlər. Bir zamanda əkirlər və başqa bir zamanda məhsul yığırlar. (Tebyan/Deyerler)

 

İş görmək – dünyada, məhsul yığmaq – axirətdədir. Toxum əgər sağlam olarsa, məhsulu da yaxşı olar. Sağlam əməl ancaq Qiyamətdə qalıcı olur. Bəziləri ola bilsin ki, gün ərzində 16 saat iş görsünlər, lakin Quranın buyurur ki, bu qədər can qoymaqlarına baxmayaraq, cəhənnəmlikdirlər.

Əkinçi əgər sağlam toxuma görə səy göstərsə, yaxşı nəticə əldə edər. “Onlar (əbəs yerə) səy edənlər, zəhmətə düşənlərdir.(Onların dünyəvi əməlləri axirət əzab-əziyyətinə səbəb olar).Yaxud da axirət əzabının içərisində əziyyət çəkənlərdir”. (Ğaşiyə” 3). Niyə? Çünki toxumu sağlam deyildir, niyyəti Allah deyildir. Bu dünyada o toxum yaxşı nəticə verir ki, sağlam və xalis olsun.

 

O toxum meyvə verər ki, sağlam olsun. Bəzi insanlar çox iş görürlər və biz onlara deyirik ki, gördüyünüz bu iş düzgün deyildir. Deyərlər: “Yox, bu işi sevirəm”. Deyirik ki, ayəmiz vardır. Deyərlər: “Bilmirik. Bizim belə şeylərə inancımız yoxdur. Bunları qəbul etmirik”.

Bəs kimin üçün çalışırsınız? Əkin gərək tarlaya uyğun olsun. Bu gün toxum gizlənəcəkdir, sabah isə baş qaldıracaqdır. Bizim əməllərimiz də belədir. Bu gün gizlidir, sabah axirətdə baş qaldıracaqdır. “Onlar (dünyada) etdiklərini (əməllərinin hesabını, əməl zamanı çəkilmiş şəklini, axirət cəzasını, həmin əməllərin öz cisim və ruhlarına təsirlərini və onların həmin aləmdəki təcəssümünü) hazır görəcəklər. Sənin Rəbbin heç kəsə zülm etməyəcəkdir”. (“Kəhf” 49).

İnsanın əməli axirətdə təcəssüm edəcəkdir. Adətən bir şeyi əkən zaman suyun, günəşin, torpağın təsiri çoxdur. Dünyada da belədir. Yoxsul və ya zəngin zamanı gördüyün əməl, minnətli və minnətsiz gördüyün əməl.

Yumşaq torpaqda əkin əkmək faydalıdır. Daşın üzərində heç bir toxum cücərməz. Ona görə də əkinçi gərək toxumu yumşaq torpağa əksin. O kəslərin ki, ürəkləri qəsavət bağlayıb, əməlləri qəbul olmaz. Onlar daş kimidirlər. Quran buyurur: “Sonra, onun (möcüzələrin)ardınca sizin qəlbləriniz sərtləşdi, daş parçaları kimi və ya ondan da bərk oldu. Çünki (Musanın daşı və bulaqların daşları kimi)bəzi daşlar var ki, onlardan çaylar qaynayır, bəziləri parçalanır və içindən su sızır və bəziləri Allahın (yaradarkən təbiətlərində qoyduğu) qorxusundan(dağlardan) tökülür. (Varlıqların Allahın iradəsindən təsirlənmələri onların fitri qorxu və itaətləridir. Məqsəd budur ki, daşlar təsirlənir, amma onların qəlblərində Allahın iradəsinə təslim halı gözə çarpmır). Allah sizin etdiklərinizdən xəbərsiz deyildir”. (“Bəqərə” 74).

Əkin sahəsinə qulluq etmək lazımdır. Əməllər də o cürdür, gərək xalis olması üçün səy göstərəsən. Bəzən əməlin əvvəli xalis olur, lakin sonradan qüruru ona qalib gəlir, təkəbbür edir. Bəzən bir əməlin əvvəli də, ortası da Allah üçün olar, sonra elə bir günah edər ki, onu məhv edər.

Əkinçi üçün də elədir, həm əkər və həm də ona qulluq edər. Tarlada əgər bitkinin kökü olmazsa, aradan gedər. Əməl də elədir. O əməl ki, xalis deyildir, heç bir kökü yoxdur, o, aradan gedər. Bu əməl heç bir nəticə verməz. Ona görə də hələ ki, fürsət var, əməlimizin xalis olması üçün səy göstərək.