Şəhid Mübariz İbrahimovun doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub.
Həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.
Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.
Təsdiq edilməmiş versiyalara görə 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib. Prezidentin başqa bir sərəncamı ilə Milli Qəhrəman Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə aşağıdakılar qərara alınmışdır:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti Biləsuvar rayonunun orta məktəblərindən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin.
2. Biləsuvar Rayon İcra Hakimiyyəti Biləsuvar rayonunda küçələrdən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin.
“Azərbaycanın Milli Qəhrəmanı M.A.İbrahimovun xatirəsinin əbədiləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyul tarixli 1040 nömrəli Sərəncamının 1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alınmışdır:
Biləsuvar Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq, Biləsuvar şəhərindəki lisey-məktəb kompleksinə Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun adı verilsin.
“Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov tankerlərindən birinə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını verib. Mübariz İbrahimovun adını daşıyan gəmi 2010-cu ilin oktyabr ayının 15-də Türkiyədə “Beşiktaş” gəmiqayırma zavodundan suya endirilib. Türkiyədə suya endirilmiş bu gəmi hazırda Milli Qəhrəman Mübariz İbrahimovun adını dünya sularında tanıdır.
2013-cü ilin mart ayında Türkiyənin ictimai kanalı TRT-də nümayiş olunan və “Sakarya Fırat” serialında Milli qəhrəmanımız şücaətindən bəhs edilmişdi.
Şəhid Mübariz İbrahimovun ailəsinə son məktubu
“Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”.

“Şeyxüt-taifə” hansı alimin ləqəbidir?

 

Tarixdə “Tusi” ləqəbi ilə tanınan iki məşhur alim olub. Onların hər ikisinin adı Məhəmməd, künyəsi Əbu Cəfərdir. Bu iki alimi bir-birindən ayırmaq üçün mənbələrdə onlara fərqli ləqəblər vermişlər. Alimlərdən biri XIII əsrdə yaşamış məşhur ilahiyyat alimi, astronom, riyaziyyatçı, dövlət xadimi, Marağa rəsədxanasının təsisçisi Nəsirəddin Tusidir. Dini kitablarda onu çox zaman “Xacə Tusi” ləqəbi ilə yad edirlər. İkinci Tusi isə XI əsrdə yaşamış görkəmli şəriət və hədis alimidir. O, cəfəri məzhəbinin 4 mötəbər hədis məcmuəsindən ikisinin – “Təhzib əl-ehkam” və “İstibsar” kitablarının, irihəcmli “Tibyan” təfsirinin, eləcə də, müxtəlif dini mövzulara həsr olunmuş onlarla əsərin müəllifidir. Cəfəri məzhəbinin inkişafındakı müstəsna xidmətlərinə görə ona “şeyxüt-taifə”, yəni məzhəbin şeyxi ləqəbini vermişlər.

Ustad Şəhid Mütəhhərinin doğum günüdür

 

Ustad Şəhid Mütəhhəri 2 fevral 1919-cu ildə Məşhədin Fərman kəndində ilahiyyatçı alim evində dünyaya göz açıb. İlk təqva və paklıq dərslərini atasından alır. Kiçik yaşlarından öyrənməyə başladığı Quran təlimlərini 12 yaşında daxil olduğu Məşhəd Elmi Hövzəsində davam etdirir. 13 yaşında fəlsəfə və ürfan mövzularına doğru sürətlə yönəliş yaşayır. 18 yaşında Quma gəlir. Burada qaldığı 15 il ərzində müxtəlif elmlərdə dərs alır. 1951-ci ildə yazarlığa, 1954-cü ildə İlahiyyat fakültəsində dərs deməyə başlayır.

Gərgin fəaliyyət mühitində İslamı olduğu kimi xalqa anlatmağa çalışan şəhid Mütəhhəri, bu istiqamətdə mühüm, dəyərli və əvəzolunmaz irs qoyub. Onun əsərlərindən bir çoxları müxtəlif dillərə tərcümə olunub. Bu kitablar arasında şəhidin “Hicab”, “Tövhid dünyagörüşü”, “Quranda insan”, “Materializmə yönəlmənin səbəbləri”, “Fitrət”, “İlahi ədalət”, “Fəlsəfə üsulu və realizm”, “Əbədi həyat və axirət həyatı”, “Həzrəti Əlinin (ə) cazibə və dafiəsi”, “İslam elmləri ilə tanışlıq”, “Məqalələr, çıxışlar”, “Quranla tanışlıq” və s. Bütün bu kitablar ustad Şəhid Mütəhhəri irsinin çox kiçik bir hissəsidir.

Ustad Şəhidin son oxuduğum “Həqiqət axtarışında” adlı kitabından bir hissəni burada zikr etmək istərdim. “Həm elm, həm fəlsəfə və həm də dində hədəf – insanın “yəqin” əhli olmasıdır. İman o zaman iman sayılır ki, “yəqin”lə yanaşı olsun. Amma şəkk büdrəmədir, əminliyin olmamasıdır”, – deyə M.Mütəhhəri yazır.

Həmişə “Din günəşi heç zaman sönməyəcək” şüarını gündəmdə saxlayan Ustad Şəhid Mütəhhəri bütün həyatı və elmi-fəlsəfi fəaliyyəti boyu dövrünün bütün fəlsəfi-elmi-ideoloji inkar tezislərini inkarolunmaz üslubda və təkzibedilməz faktlara heç edib. Onun dövründə belə bir tezis olmadı ki, Şəhid onu cavabsız qoysun. Şəhid M.Mütəhhərinin qoyduğu mükəmməl fəlsəfi, elmi və metodoloji irs indi də xeyli ciddi elmi tədqiqat və mütəmadi araşdırma tələb edir./Deyerler/